Birləşmiş Ərəb Əmirlikləri silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. Müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“BƏƏ silahlı qrupların Suriya Ərəb Respublikasında təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi hücumları pisləyib”, – sənəddə deyilir. Departamentin qeyd etdiyi kimi, BƏƏ “Bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin” qorunub saxlanmasını dəstəkləyir, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Martın 6-da Latakiya vilayətinin müxtəlif ərazilərində Suriya təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən silahlı qruplar arasında toqquşmalar başlayıb. Ən ağır döyüşlər keçmiş prezidentin və ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Toqquşmaların Tartus və Homs əyalətlərində də baş verdiyi bildirilir.