Belarus hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır. Bu barədə “Vedomosti” qəzetinə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
“Belarus vasitəçi rolunu istəməyib və tələb də etmir, lakin qardaş respublikamızda sülh lazımdırsa, biz istənilən görüşü təşkil etməyə hazırıq. Və biz hər şeyi ən yüksək səviyyədə keçirəcəyik. Lakin Belarus prezidenti amerikalı həmkarı ilə [telefon danışığı zamanı] bu mövzunu müzakirə etməyib”, – o bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Vladimir Zelenski və bir sıra Avropa ölkəsinin liderləri ilə görüş keçirib. Daha sonra Amerika lideri Rusiya prezidenti Vladimir Putinə zəng edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya və ABŞ liderləri Moskva və Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə, o cümlədən onların səviyyəsinin yüksəldilməsi ideyasına dəstək veriblər.