Ulan-Batorda aparılan danışıqlardan sonra Belarus və Monqolustan prezidentləri Aleksandr Lukaşenko və Uxnaaqiyn Xurelsux iki ölkə arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə BELTA agentliyi Ulan-Batorda yüksək səviyyəli danışıqların yekunlarına əsasən məlumat yayıb.
Həmçinin Belarus və Monqolustanın xarici işlər nazirləri Sergey Aleynik və Batmunkhin Batsetseq 2024-2026-cı illər üçün Əməkdaşlıq Yol Xəritəsini imzalayıblar. Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi ilə Monqolustan Milli Təhlükəsizlik Şurasının aparatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Ümumilikdə, ən yüksək səviyyədə rəsmi danışıqların yekunlarına əsasən, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair 14 müxtəlif sənəd imzalanıb. Onların arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi və təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında hökumətlərarası sazişlər var. Həmçinin 2024-2026-cı illər üçün müvafiq nazirliklər səviyyəsində təhsil sahəsində əməkdaşlığa, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın üç il müddətinə inkişafına dair yol xəritələri imzalanıb. (Tass)