Binəqədidə gənclər narkotik vasitələrin və psixoaktiv maddələrin zərərləri barədə məlumatlandırılıblar.
Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq rayon icra hakimiyyəti ilə birgə noyabrın 1-də Bakı Turizm Peşə Məktəbində maariflədirici tədbir təşkil edilib.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, rayon Polis İdarəsinin və digər aidiyyəti orqanların nümayəndələri, həmçinin Baki şəhəri Narkolojı Mərkəzin psixoloqu çıxış edərək narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları, “802” qaynar xəttin fəaliyyət istiqamətindən danışıblar.
Tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.