ABŞ-ın 20,000-dən çox federal hökumət işçisi, sentyabrın sonuna qədər maaş çekləri müqabilində işlərini tərk etməyə razılaşıb. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Təklifdən yararlanmaq istəyənlərin sayı hər gün artmaqda davam edir və Tramp administrasiyası qərar qəbul etmək üçün son tarix olan fevralın 6-dək müraciətlərin kəskin artacağını gözləyir. Agentliyin məlumatına görə, Tramp və onun səmərəlilik üzrə müşaviri, amerikalı sahibkar İlon Mask ümid edirlər ki, bu təşəbbüs onlara federal işçi qüvvəsinin 10%-ni ixtisar etməyə imkan verəcək. Ancaq bu məqsədə çatmaq çətin ola bilər. Federal sektorda təxminən 2,3 milyon mülki işçi var, lakin onların təxminən yarısı, o cümlədən müdafiə, kəşfiyyat, poçt və hüquq-mühafizə orqanlarının işçiləri proqrama uyğun deyil.
Bundan əvvəl CNN məlumat vermişdi ki, Vaşinqton ABŞ federal agentliklərinin islahatçı rolunu öz üzərinə götürmüş İlon Maskın fəal hərəkətləri səbəbindən xaos içindədir. (Tass)