Martın 1 -ə qədər Aİ ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 mini tədarük edə biləcək.Bloomberg bu barədə mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan diplomatlar agentliyə bildiriblər ki, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Aİ ölkələri Kiyevə 1 milyon mərmi tədarük etmək planından xeyli geri qalacaq. Cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq.
Aİ müdafiə nazirlərinin çərşənbə axşamı və çərşənbə günü Brüsseldə qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmağa çalışacaqları gözlənilir. Amma mənbənin sözlərinə görə, istənilən halda ötən il vəd edilən mərmilərin sayı Ukraynaya göndərilməyəcək.
Bloomberg xatırladıb ki, Ukrayna ordusu artilleriya mərmiləri və hava hücumundan müdafiə vasitələrinin kəskin çatışmazlığı ilə üzləşir. Amerikanın RAND Korporasiyasının tədqiqat təşkilatının analitiki Enn Mari Deyli agentliyə sursat çatışmazlığı probleminin daha da pisləşməsi perspektivini şərh edib: “Rusiya piyada qoşunları Ukrayna mövqelərinə hücum edərkən artilleriyadan istifadə etməyə davam edə biləcək”.
Aİ liderləri ötən fevralda Ukraynaya bir il ərzində təxminən 1 milyon mərmi və raket tədarük edəcəyinə söz vermişdilər, lakin 2023-cü ilin dekabrında Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen etiraf ediblər ki, Aİ bu vədi vaxtında yerinə yetirə bilməyəcək. O zaman Aİ Kiyevi əsasən 155 mm-lik haubitsalar üçün 300 mindən bir qədər çox artilleriya mərmisi ilə təmin edə bildi.
Eyni zamanda, Mişel və fon der Leyen 2024-cü ildə Aİ sənayesini hərbiləşdirəcəklərini və mərmi istehsalını ildə 1 milyona çatdıracaqlarını vəd ediblər. (Tass)