BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Türkmənistanın sədrliyi ilə Dayanıqlı Nəqliyyatın Dostları Qrupunun ilk Nazirlər toplantısı keçirilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qrup 2022-ci ildə Türkmənistanın təşəbbüsü ilə yaradılmış BMT-yə üzv dövlətlərin qeyri-rəsmi icmasıdır. Qrup dayanıqlı nəqliyyatı bütün səviyyələrdə inkişafın və əməkdaşlığın əsas sürücüsü kimi təşviq etmək məqsədi daşıyır və bu sahədə bilik və ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş iştirakçıları qlobal və regional səviyyədə dayanıqlı nəqliyyat sistemlərinin qurulmasının vacibliyini, BMT-nin Dayanıqlı Nəqliyyat Onilliyinə (2026-2035) hazırlıqla bağlı səylərin birləşdirilməsinin zəruriliyini müzakirə ediblər. Onlar razılaşdılar ki, Qrupun potensialı nəqliyyat sahəsində qarşılıqlı məqbul çoxtərəfli yanaşmaların işlənib hazırlanmasına, nəqliyyat və logistika sektorundakı problemlərin aradan qaldırılmasına və bu sektorda regional və qlobal maneələrin minimuma endirilməsi yollarına kömək edəcək.
İclasın yekunu olaraq Qrupun fəaliyyətinin hüquqi əsasını təşkil edən və bu birliyin məqsədlərini, formatını və fəaliyyət üsullarını müəyyən edən yekun bəyannamə qəbul edilib. Tədbirdə Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva, Türkmənistan Dəniz və Çay Nəqliyyatı Agentliyinin sədri Batır Annayev, nəqliyyat departamentlərinin rəhbərləri, Qrupa üzv ölkələrin BMT-dəki diplomatik nümayəndəliklərinin rəhbərləri və nümayəndələri və başqaları iştirak ediblər.
(Tass)