Yəhudi köçkünlər 2024-cü ildə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumların sayına görə rekorda imza atıblar. Bu barədə Fələstinin WAFA xəbər agentliyi BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, məskunlaşanlar “2024-cü il ərzində Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı təxminən 1400 zorakılıq hadisəsində iştirak ediblər”. Bu hadisələr Fələstin icmalarına hücumlar, yandırma və basqınlar, habelə əkin sahələrinə ziyan vurmaq və yerli sakinlərin əmlakının məhv edilməsi ilə bağlı olub.
Agentlik xatırladır ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi tədbirlər nəticəsində Qəzza zolağında əksəriyyəti qadın və uşaq olmaqla 160 minə yaxın fələstinli həlak olub və yaralanıb. Eyni zamanda, məskunlaşanlar və hərbçilər İordan çayının qərb sahilində hücumlarını gücləndirib, nəticədə Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 835 nəfər ölüb, 6,7 min nəfər yaralanıb. (Tass)