BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits oktyabrın 7-də hərbi əməliyyatların başlanmasından sonra Qəzza zolağına ilk humanitar yardım karvanının gəlməsini alqışlayıb. Cenevrədə verdiyi bəyanatda o, bu əməliyyatın “Qəzza xalqını ehtiyac duyduqları hər şeylə təmin etmək üçün davamlı səylərin” başlanğıcı olacağına əminliyini ifadə edib.
Qriffits qeyd edib ki, 20 yük maşını Qəzzaya Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən təmin edilən zəruri ləvazimatları çatdırıb. Baş katibin müavini “7 oktyabrda hərbi əməliyyatların başlanmasından sonra ilk humanitar yardım karvanının Qəzzaya gəldiyi elanını” alqışlayıb. Onun sözlərinə görə, bundan bir neçə gün əvvəl “Qəzzada yardım əməliyyatının mümkün qədər tez və uyğun şərtlərlə bərpa olunmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə dərin və intensiv danışıqlar aparılıb”. “Əminəm ki, bu çatdırılma Qəzza xalqını qida, su, dərman və yanacaq da daxil olmaqla zəruri ləvazimatlarla təmin etmək üçün davamlı səylərin başlanğıcı olacaq”, – Qriffits bildirib.
O xatırladıb ki, Qəzza zolağında humanitar vəziyyət “fəlakətli həddə çatıb”. Baş katibin müavini əlavə edib ki, yardımın Qəzza zolağında harada olmasından asılı olmayaraq ehtiyacı olan insanlara və lazımi miqyasda çatması son dərəcə vacibdir.
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirdi ki, onun təqdim etdiyi tibbi materialları olan 4 yük maşını Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə doğru hərəkət edib. Yükə 1200 nəfərin xəsarət və yaralarının müalicəsi üçün ləvazimatlar, 1500 xəstə üçün xroniki xəstəliklərin müalicəsi üçün dərmanlar və üç ay ərzində 300 000 nəfər üçün “əsas dərman vasitələri və səhiyyə ləvazimatları” daxildir. (Tass)