BMT Çin sədri Si Cinpinin Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvaya səfərini alqışlayır. Bunu brifinqdə dünya təşkilatının baş katibinin nümayəndəsinin müavini Stefani Trembley deyib.
“Biz ölkələr arasında dialoqu təşviq edən istənilən səfəri çox alqışlayırıq. Və təbii ki, İkinci Dünya Müharibəsinin sonu ən yüksək təqdirlə qeyd olunmağa layiq bir məqamdır”, – o deyib.
Çin Xalq Respublikasının sədri mayın 7-də Moskvaya gəlib və mayın 10-dək Rusiyada qalacaq.Daha əvvəl Kremlin mətbuat xidməti xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin və Si Cinpin iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin gələcək inkişafının əsas məsələlərini müzakirə edəcəklər. Onlar həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər üzrə strateji məsləhətləşmələr aparacaqlar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, mayın 8-də dövlət başçıları “Sibirin gücü 2” qaz kəmərini müzakirə edəcək, Ukrayna məsələsinə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər məsələsinə toxunacaqlar. (Tass)