BMT Təhlükəsizlik Şurası şənbə günü Qəzza zolağının şimalında humanitar yardımların paylanması zamanı İsrail qüvvələrinin fələstinli mülki şəxsləri atəşə tutması ilə bağlı Əlcəzairin hazırladığı mətbuat bəyanatını qəbul edib. Bəyanatın mətni dünya təşkilatının mətbuat xidməti tərəfindən jurnalistlər arasında yayılıb.
Sənəddə xüsusilə “İsrail qüvvələrinin iştirakı ilə baş vermiş insidentdə OHCHR-in təsdiq etdiyi kimi, 100-dən çox insanın həlak olması və bir neçə yüz nəfərin, o cümlədən güllə yaraları nəticəsində yaralanması ilə bağlı xəbərlərdən ciddi narahatlıq ifadə edilir”.
Bundan əlavə, bəyanatda “mülki əhalinin və infrastrukturun müdafiəsi üçün bütün zəruri tədbirlərin görülməsinin zəruriliyi” vurğulanır və həmçinin Qəzza zolağının mülki əhalisini əsas xidmətlərdən və humanitar yardımdan məhrum etməməyə çağırılır. BMT Təhlükəsizlik Şurasının üzvləri həmçinin İsraili mövcud keçid məntəqələrini bağlamamağa və əlavə keçid məntəqələrinin açılmasına şərait yaratmağa çağırıblar. (Tass)