BMT Təhlükəsizlik Şurasının (TŞ) ölkələri Əlcəzair tərəfindən hazırlanmaqda olan, digər məsələlərlə yanaşı, Qəzza zolağında atəşkəs çağırışını da ehtiva edən yeni Yaxın Şərq qətnamə layihəsini müzakirə edirlər. Bu barədə Qayananın BMT-dəki daimi nümayəndəsi, ölkəsi fevralda Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edəcək Karolin Rodriqes-Birkett bildirib.
“Biz bilirik ki, bir qətnamə layihəsi müzakirə olunur. Mən sizə deyə bilərəm ki, biz qətnaməyə konstruktiv yanaşmaq niyyətindəyik”, – deyə o, sənədin qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri BMT Təhlükəsizlik Şurası iki qətnamə qəbul edib, lakin onların heç birində hərbi əməliyyatların dayandırılması tələb olunmayıb, bu istiqamətdə bütün səylər ABŞ tərəfindən əngəllənib. (Tass)