Bazar ertəsi BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Suriya üzrə qapalı məsləhətləşmələrdə bu ölkəni ələ keçirmiş “Həyat Təhrir əş-Şam” (HTS) qruplaşması ilə bağlı məsələləri, o cümlədən onun gələcək mümkün hərəkətlərini müzakirə ediblər. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.
O, BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələrindən sonra HTS-ə qarşı sanksiyaların ləğvi imkanının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən, “Sadəcə, bu qrupun fəaliyyətini necə davam etdirəcəyi, hansı dəstəkdən istifadə edəcəyi ilə bağlı suallar var idi” deyib.
“Ümid edirəm ki, onlar həftəsonu verdikləri bəzi bəyanatlara uyğun hərəkət edəcəklər”, – diplomat əlavə edib. O, ABŞ-ın qruplaşmanın “suriyalıların hüquqlarına hörmət” edilməsinə ümid etdiyini açıqlayıb. “Beynəlxalq ictimaiyyət Suriyada hazırda hakimiyyətdə olanları diqqətlə izləyir” deyib Vud. (Tass)