Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Yaponiya-Aİ Xarici və Təhlükəsizlik Siyasəti üzrə Strateji Dialoqun ilk iclasında iştirak etmək üçün Yaponiyaya səfər edəcək.
Onun Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşü və Yaponiya ilə Aİ arasında xarici siyasət üzrə strateji dialoqun ilk iclasını keçirəcəyi gözlənilir. Danışıqlarda Yaponiya ilə Aİ arasında əməkdaşlıq, xüsusilə də təhlükəsizlik sahəsində əməkdaşlıq, beynəlxalq və regional xarakterli məsələlər müzakirə olunacaq.
Səfər zamanı tərəflər təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq elan edəcək, həmçinin strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edəcəklər. Yaponiya mətbuatının məlumatına görə, söhbət dəniz və kibertəhlükəsizlik sahəsində, eləcə də kosmosda əməkdaşlıqdan gedir. Bundan əlavə, Borrell Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşməyi planlaşdırır.
Yaponiya son zamanlar Avropa və Asiyanın təhlükəsizliyinin bölünməzliyini bəyan edərək, Avropa ilə əlaqələrin, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin inkişafına diqqət yetirir. Kyodo agentliyi qeyd edir ki, tərəflər Çinin artan dəniz fəaliyyətinin qorxusu fonunda əməkdaşlığı inkişaf etdirir. (Tass)