Noyabrın 3-də Xəzər Universitetində “Böyük Qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpoziumda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi olub. Qarabağ münaqişəsinin yaranması sovet dövrünə gedib çıxır. Həmin dövrdə “Dağlıq Qarabağ” adlanan ərazidə separatçı qüvvələrin həyata keçirdiyi siyasət nəticəsində bizim tarixi torpaqlarımızda adların dəyişdirilməsinin şahidi olduq. Tarixi adı Xankəndi olan şəhərin adı dəyişdirilib “Stepanakert” edildi. Bu da onu göstərir ki, torpaqlarımızda işğal prosesinin əsası həmin dövrdən qoyulub. Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsini tarixi hadisə adlandıran H.İsaxanlı qeyd edib: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizin əsas hədəflərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 3 il bundan əvvəl 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldik. Bu ilin sentyabrında isə antiterror tədbirləri keçirərək suverenliyimizi tam şəkildə bərpa etdik”.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev simpoziumda çıxışı zamanı qeyd edib ki, hazırda postmünaqişə dövründə biz regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atırıq. Ermənistanla sülh sazişinin bağlanması üçün şərtlər irəli sürülüb. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə nəticəsində Qarabağın separatizmdən azad olunduğunu vurğulayan F.Şəfiyev deyib: “Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh çağırışları etdi, lakin erməni separatçılarının təcavüzkar siyasəti bizə torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib çıxardı”.
Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtmaları ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edən BMTM-in İdarə Heyətinin sədri bildirib: “Belə olan halda, ermənilər niyə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər söhbət sülhə nail olmaqdan gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin edilməlidir”.
Tədbirdə çıxış edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində digər dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq imkanlarının xeyli zəiflədiyini vurğulayıb. O bildirib ki, “3+3” formatı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında müsbət rol oynaya bilər. Bundan əlavə, normallaşma Cənubi Qafqazın üç dövləti arasında birbaşa əməkdaşlığa kömək edə bilər.
Sonra Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç, Yuta Universitetinin professoru Hakan Yavuz, digər xarici və yerli ekspertlər çıxış edərək, “Münaqişədən sonrakı dövrdə Azərbaycanın xarici siyasətinin gələcəyi” və “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz” mövzusunda məsələlərə toxunublar.
Simpozium müzakirələrlə davam edib.