Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub.
Təşkilatın idarə heyəti üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Daha sonra gənclər Şəhidlər xiyabanını, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni və “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini, müstəqillik tarixini özündə əks etdirən eksponatlarla, nadir arxiv sənədləri ilə, fotoşəkillər və numizmatik kolleksiyalarla yaxından tanış olublar.
Tədbirlər proqramına uyğun olaraq Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Füzuli şəhərində “Füzuli könüllüləri”nin, orada məskunlaşan yeniyetmə və gənclərin iştirakı ilə “Kod-Qarabağ” məntiqi-intellektual komanda oyunu həyata keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Füzuli şəhərində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub. Könüllülərin də iştirakı ilə ümumilikdə 60 nəfər yeniyetmə və gəncin 10 komanda şəklində qatıldığı oyunda iştirakçılara Qarabağ, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında şifrəli suallar təqdim olunub. Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “İstiqlal” komandası gərgin keçən mübarizənin qalibi olub. “Horadiz” və “Xarıbülbül” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər mükafatlandırılıb, onlara sertifikat və hədiyyələr təqdim olunub.
Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə Milli Azərbaycan Tarixi Muzeyində “Müstəqillimiyiz əbədidir” adlı tədbir baş tutub. Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, professor, deputat Musa Qasımlı, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və “Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu çıxış edərək Cümhuriyyət dövründə baş vermiş çətin və mürəkkəb tarixi hadisələr barədə ətraflı məlumat veriblər. Xüsusi qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində bu il Azərbaycan xalqı tarixində ilk dəfə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkənin nümayəndələri kimi Müstəqillik Gününü əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Regionda baş verən bütün siyasi, iqtisadi proseslər də göstərir ki, qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.