Hindistan və Böyük Britaniya Nyu-Dehlidə terrorla mübarizə üzrə birgə işçi qrupunun iclasını keçiriblər, bu görüş zamanı bu sahədə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər və həmçinin beynəlxalq antiterror əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hindistan və Böyük Britaniya terrorizmin bütün forma və təzahürlərində, o cümlədən terrorçuların transsərhəd hərəkətini kəskin şəkildə pisləyib və BMT Nizamnaməsinə uyğun olaraq terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın hərtərəfli və davamlı şəkildə gücləndirilməsinin vacibliyini vurğulayıblar”, – Hindistan Xarici İşlər Nazirliyi bildirib.
Görüş zamanı tərəflər qlobal sanksiyalara məruz qalan terror təşkilatları və ayrı-ayrı şəxslər tərəfindən törədilən təhdidlər də daxil olmaqla, öz qiymətləndirmələrini bölüşüblər. Görüş iştirakçıları həmçinin ayrı-ayrı terrorçuların və təşkilatların fəaliyyətinin qadağan edilməsi, iki ölkənin çoxtərəfli forumlarda bu sahədə necə əməkdaşlıq edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıblar. (Tass)