Bu gün Göygöl Milli Parkının yaradılmasından 16 il ötür.
AZƏRTAC xəbər verir ki, Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.
Dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən landşaftına malik olan milli parkda qarmaqvari şam, palıd, fıstıq, cökə, vələs, qarağac, qoz, fındıq, cır alma, cır armud, alça, yemişan, əzgil, şabalıd, qaraçöhrə, ardıc, itburnu, zirinc, qarağat, moruq, dağ çiyələyi, böyürtkən və s. bitki növlərinə rast gəlinir. Milli parkın ərazisində fauna növlərindən qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, vaşaq, çöl pişiyi, sincab, dələ, oxlu kirpi, Qafqaz maralı, cüyür, bezoar keçisi, qaban, qartal, şahin, sar, yaşılbaş ördək, su sonası, dağ kəkliyi, tetra, çay balığı, qızılxallı balıq və s. mövcuddur.
Göygöl Milli Parkının ərazisində mövcud olan fauna və flora növlərindən bir qismi “Qırmızı Kitab”a daxil edilib. Bunlar arasında bezoar keçisi, nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrası, cırtdan qartalça, kütyarpaq püstə, Kox şamı, Qafqaz səhləbi, fırfır səhləb, paradoksal süsən, kiçik süsən və s. nümunə göstərmək olar.
Milli parkın ərazisində 10 ekoturizm marşrutu mövcuddur.
Qeyd edək ki, Göygöl Milli Parkının yaradılması ilə bağlı bu gün milli parkda “Açıq qapı” günüdür.