“74-cü Beynəlxalq Astronavtika Konqresi kimi tədbirlərin keçirilməsi Azərbaycan üçün çox vacibdir. Biz hazırda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq Azərbaycanı dünyanın tech (texnologiya) dünyasında, tech xəritəsində xüsusi bir yer tutması üçün çalışırıq. Bunun üçün startapların sayının artırılması, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, xarici qonaqların Azərbaycana səfəri və ölkəmizin müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə təmsil olunması zəruridir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva deyib.
İnarə Vəliyeva qeyd edib ki, bu il ərzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) olaraq artıq 8 beynəlxalq tədbirdə iştirak edib. Bunlardan biri bu yaxınlarda ABŞ-da keçirilmiş beynəlxalq nüfuzlu texnologiya tədbiri olan “TechCrunch Disrupt”da Azərbaycan stendi kifayət qədər maraq doğurmağa nail oldu. Səfər çərçivəsində Azərbaycan Texnoloji Diasporu və “Silkroad Innovation Hub”ın birgə təşkilatçılığı ilə görüşdə ABŞ-da yaşayan və İKT sahəsində fəaliyyət göstərən 60-dək azərbaycanlı iştirak edib. Burada startaplar üçün müxtəlif biznes imkanlarının yaranması və investisiyaların cəlb olunması baxımından əvəzsizdir. Həmçinin belə tədbirlərdə geniş diskussiyalar aparmaq üçün də əlverişli şərait yaradılır. Böyük tədbirlərdə insan sayı çox olduğundan birbaşa nəticəni o an olmasa da, sonradan gələcəkdə hər hansı bir ideya və ya tanışlıq yeni startaplara və layihələrə yol açır.