Qax rayonunda orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “Sumuq qala” abidəsidir. İnşa tarixi XVIII əsrə aid edilən bu müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur. Qala rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq doğurur. Belə ki, bu ilin 10 ayı ərzində qalanı 4 mindən çox yerli və xarici turist ziyarət edib. 2022-ci ildə isə il ərzində “Sumuq qala”nı 3050 turist ziyarət edib.
İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 51 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Digər 38 abidənin də qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Bu abidələrin bir qismi, o cümlədən “Sumuq qala”, “Ulu körpü” və “Ulu məscid” İlisu sultanlığı dövründə inşa edilib. “Qalaça”, “Bürc qala” və digərləri isə çar qoşunlarının sultanlığı işğal etdikdən sonra inşa edilmiş abidələrdir.
Qoruğun direktorunun sözlərinə görə, turistlərin abidəyə marağını nəzərə alaraq əməkdaşların iş qrafikində dəyişiklik edilib, həftənin şənbə və bazar günlərində də qalanın qapıları gələnlərin üzünə açıq olur. Nəticədə, qalanı ziyarət edənlərin sayında artım qeydə alınıb. Əcnəbi turistlər arasında Rusiya, Çin, həmçinin ərəb ölkələrindən gələnlər üstünlük təşkil edib.
Qeyd edək ki, abidənin daxilində yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey də yaradılıb. Hazırda muzeydə xeyli sayda eksponat nümayiş etdirilir. Eksponatlar içərisində çörək bişirmək üçün istifadə olunan təndir maketi, sənətkar tərəfindən hazırlanmış əsa, qədim xalça qalığı, köhnə sandıq, çörək təhnəsi, mis qablar və digər əşyalar, həmçinin ötən əsrin 80-ci illərində qalada çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminə aid fraqmentlər gələnlərin marağına səbəb olur.