Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bir neçə gündür təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Zəyəm, Lələli və Qorağan kəndlərinin ərazilərindəki təsərrüfatlarda 37 hektar sahəyə tütün şitilləri köçürülüb.
Builki mövsümdə rayonun təsərrüfatlarında “Zaqatala AGRO İndustry” MMC tərəfindən 185 hektar, “Azərtütün” ASC tərəfindən 147,6 hektar, “TES AGRO” şirkəti tərəfindən 90 hektar, “Azəri Korporasiyası” tərəfindən 22,4 hektar, digər müəssisələr və fərdi istehsalçılar tərəfindən isə 10 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Qorağan kəndindən olan fermer Mehman Əhmədov bu il rayon üzrə hamıdan çox – 30 hektarda tütün əkməyi planlaşdırır. Fermerin təsərrüfatında ötən gün 1 hektar sahəyə tütün şitilləri köçürülüb. Lələli kəndindən olan fermer Elmir Əliyev isə cari mövsümdə 19,3 hektar sahədə tütün yetişdirəcək. Onun təsərrüfatında əkin kampaniyasının ilk günlərində 5 hektar sahəyə tütün şitilləri köçürülüb. Rayonda tütün əkini davam edir.
Xatırladaq ki, qaxlı fermerlər ötən mövsüm 450,5 hektar sahədən 671,1 ton quru tütün əldə ediblər. Hər hektardan məhsuldarlıq 14,7 sentner olub.