Respublikanın hər yerində olduğu kimi, Cəbrayılda da seçkilərə hazırlıq işləri başa çatıb. Cəbrayılın işğaldan azad olunan ərazilərində 4 seçki məntəqəsi yaradılıb və 3480 seçici qeydə alınıb.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının sədri Musa Quliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, dairə üzrə ümumilikdə, 83 seçki məntəqəsi var və 56439 seçici qeydə alınıb. Seçki məntəqələrindən 4-ü işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində fəliyyət göstərəcək. Belə ki, 1184 nəfər Cəbrayıl şəhəri ərazisindəki 80 saylı seçki məntəqəsində, 1382 seçici 83 saylı seçki məntəqəsində, 419 seçici rayonun Soltanlı kəndi ərazisində Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində, 495 nəfər isə rayonun Daşkəsən kəndi ərazisindəki 82 saylı seçki məntəqəsində səs verə biləcək. Qeyd edək ki, seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə 11 məntəqə Biləsuvar rayonu ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla, dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.