“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Kəmalə xanım, köç ərəfəsindəsiniz. Hamı yeni ofisə köçməyi səbirsizliklə gözləyir.
– Bəli, hazırda köç ərəfəsindəyik. Elə ona görə ətraf bir az qarışıqdır.
Sığınacağın yeni binası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2 ildir tikilib. Bina çox gözəl layihə modeli əsasında hazırlanıb. Ötən ay Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva binanın açılışını etdilər. “Azərbaycan Uşaqları” İctimai Birliyi olaraq davamlı Cənab Prezidentimizin siyasətini və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların hüquq və müdafiəsində göstərdiyi qayğını əsas tutaraq fəaliyyətimizi inkişaf etdiririk.
Yeni mərkəzimizdə uşaqların yaşaması, təhsil alması, yaradıcılığını inkişaf etdirməsi üçün bütün şəraitlər var. Məsələn, idman, rəqs otaqları, konfrans və sərgi üçün böyük akt zalı var. Əlavə olaraq kiçik yaş qruplarının, məktəbəqədər qrupların, yuxarı siniflər üçün tədris otaqlarının olması onların daha çox inkişaf etməsinə şərait yaradır.
– Köç nə zaman gerçəkləşəcək?
– Hazırda sənədləşmə prosesi gedir. Binanın rəsmi sənədləşməsi, kommunal xidmətlərin hazırlanması bir az vaxt alacaq, güman ki, biz oraya mayda köçərik.
Belə bir mərkəzin açılması qeyri-hökumət təşkilatları tarixində belə ilk hadisədir. Çox sevincliyəm ki, bizim üçün bu şərait yaradıldı, bir sözlə şanslıyıq.
– Sığınacağa kimlər hansı şərtlərlə qəbul edilir?
– Uşaq Sığınacağı Reabilitasiya Mərkəzi sırf məişət zorakılığı, insan alverinin qurbanları və ya potensial qurbanları hesab olunan uşaqların sosial reabilitasiyasını həyata keçirən bir mərkəzdir. Artıq fəaliyyətinin 19-cu ilinə keçib və təşkilatımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığı qurbanlarına xidmət göstərilməsi istiqamətində akkreditasiya olunub. Biz əsasən məişət zorakılığı və çətin həyat şəraitinə məruz qalmış uşaqları qəbul edir, onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təşkil etməyə çalışırıq. Buraya gətirilənlər 18 yaşa qədər zorakılıq qurbanı olan qızlar, istisna hallarda hamilə qadınlar və ana uşaqlardır. Qızların da çoxunun cinsi zorakılıq qurbanı olduğunu nəzərə alaraq sığınacağa qəbul edilən oğlanların yaş həddini aşağı endirmişik. Yəni hazırda yaşı 10-dan yuxarı olan oğlan qəbul etmirik.
– Amma bəzən sığınacaqlarla uşaq evlərini qarışdırırlar. Bu məsələyə aydınlıq gətirməyinizi istərdim.
– Bəli, belə hallar çox olur. Sığınacaqlar tranzit xarakter daşıyırlar. Bura müraciətlərin çoxu təsadüfi münasibətlər nəticəsində dünyaya gələn uşaqlarla bağlı olur. Bizə aid olmayan müraciətlər olanda isə onları Sosial Xidmətlər Agentliyinə yönləndiririk.
Sığınacaqlarda reabilitasiya xidmətləri göstərilir, yəni uşağın düşdüyü situasiyalardan çıxış yolları axtarılır, psixoloji, hüquqi, tibbi və sosial yardımlar göstərilir. Bunlar ediləndən sonra reabilitasiya yekunlaşır. Uşağın yaşadıqları, həyat tərzində olan problemlər aradan qaldırılandan sonra artıq mümkündürsə, onun ailəyə dönüşü təmin olunur. Əgər ailədə ciddi problemlər varsa, onun dönüşü ailəyə deyil, dövlət uşaq müəssisəsinə olur.
Uşaq evinə isə başqa yaşayış yeri olmayan, yaxud hər hansı çətin durumda olan uşaqlar yerləşdirilir və orada davamlı olaraq onların təhsili, təhlükəsizliyi, baxımı həyata keçirilir. Onlar orada 18 yaşına qədər qala bilirlər.
– Bayaq binaya daxil olanda yaxınlıqda yaşayanlardan birinin bir çanta istifadə olunmuş geyim gətirdiyini və əməkdaşlarınızın incə bir şəkildə onu geri qaytardığının şahidi olduq. Anladığım qədəri ilə istifadə edilmiş paltarlar qəbul edilmir. Bəs burada uşaqların bu kimi ehtiyacları necə qarşılanır?
– Geyinilmiş paltarlar birmənalı şəkildə qəbul edilmir. Çünki bu nə gigiyenik qaydaya uyğundur, nə də psixoloji cəhətdən düzgündür. Məsələn, biz uşaq vaxtı dayı, bibi uşaqlarının paltarlarını geyinmişik, amma bizim valideynlərimiz olub. Buna görə, onun-bunun paltarı ilə böyümüşəm kimi düşünməmişik və onların paltarını sevərək geyinmişik. Amma həyatın zərbələrini almış bir uşaq istəyir ki, təzə paltarı olsun. Buna görə də yardım etmək istəyən insanlara başa salıram ki, bir dənə paltar olsun, amma o paltarın etiketini uşaq özü açsın, özü geyinsin. Bu, onun motivasiyasıdır.
– Ümumiyyətlə, sığınacağın maliyyəsi necə qarşılanır?
– Bütün bunları xeyriyyəçi dostlar və ianələr sayəsində edirik. Böyük şirkətlər ianə köçürmələri edirlər və bunların hamısı Ədliyyə Nazirliyində reyestrə daxil olur, qeydiyyata alınır və daha sonra o vəsaitlər çıxarılır.
Maliyyə səbəbindən işçi heyətində azalmalar oldu. Sosial Xidmətlər Agentliyi tərəfindən elan olunan qrant proqramında qalib gəlmişdik və onun sayəsində əməkdaşlarımızın əməkhaqlarını qarşılaya bilirdik. Ötən ilin dekabr ayında bu proqram bitdi və artıq dördüncü aydır ki, əməkdaşlarımız ödənişsiz çalışırlar. Bu səbəbdən beş nəfər aramızdan ayrıldı. Yerdə qalan 9 nəfər bizimlə davam edir. Könüllülərimiz də var. Müraciətlər, dəstək olmaq istəyənlər var, amma könüllülük bir yerə qədərdir.
Bu gün bizim ən ciddi problemimiz deyərdim ki, əməkdaşlarımızın dayanıqlılığını təmin etmək üçün maliyyə resurslarının olmamasıdır. Əgər bu olmayacaqsa, əlbəttə, yeni mərkəzdə də axsamalar olacaq. Məsələn, xadimə yoxdursa, deməli, o binanı özümüz təmizləməliyik. Necə ki, burda onu edirik. Amma bura balacadır, bunu edə bilirik. Ora isə çox böyükdür. Təsərrüfatı idarə edəcək mütəxəssis lazımdır.
Uşaqların formalaşması üçün oranın ştatı ən azından 25 nəfər olmalıdır. O ştatı bizə kim verəcək?! Ümumiyyətlə, 60 nəfər uşağa xidmət göstərən bir müəssisə kvota proqramına düşür, yəni biz artıq dövlətdən maliyyə almaq üçün müraciət etməliyik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət göstərən təşkilat kimi bizə akkreditasiya sənədi verib. Akkreditasiya olduğu üçün də akkreditasiya olan digər sığınacaqlar da daxil olmaqla onların maliyyəsini düşünmək lazımdır.
Yəni siz bu xidməti göstərməyimi qəbullanırsınız və bilirsiniz ki, bu işi yüksək səviyyədə edəcəyik. Yaxşı, bunun maliyyəsi haradan olacaq?!
Bu gün bizə maliyyəni xeyriyyəçi insanlar ianə olaraq verirlər. Amma bu ianələrin içində əməkhaqqı nəzərdə tutulmur. Mən kimə deyə bilərəm ki, əməkdaşlarımızın büdcəsini formalaşdırmaq üçün bizə vəsait göndərin?! Bu mümkün deyil.
Düşünürəm, sosial xidmətlər göstərən qeyri-hökumət təşkilatları üçün xüsusi bir proqram olmalıdır ki, orada davamlılıq təmin olunsun. Çünki Azərbaycanda çox sığınacaq yoxdur. Cəmi 4-5 sığınacaq var. Ümumilikdə Azərbaycanda akkreditasiyadan keçən 4 sığınacaq və 1 Reabilitasiya Mərkəzi var. Belə bir proqramı təşkil etmək və maliyyəsini formalaşdırmaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün heç də çətin olmaz. Bunu etməyə cəhd göstərmək lazımdır. Bu sığınacaqların xidmətlərinin maliyyələşdirilməsi qrant proqramı çərçivəsində qeyri-mümkündür. Bu davamlı olmalıdır.
“O səhnə gözümün önündən getmir”
– Bayaq reabilitasiyadan danışdınız. Bu, necə həyata keçirilir?
– Məqsədimiz burada reabilitasiya keçən uşaqların sağalmasına nail olmaqdır. Bunun da 2 yolu var: təhsil və psixo art terapevt.
Biz burada daha çox qızlara üstünlük veririk. Bunun səbəbi var. Martın 20-dən aprelin 3-ə qədər buraya 13 uşaq qəbul etmişik. Onlardan cəmi 4-ü oğlandır, qalanları qızlardır. Bu ondan xəbər verir ki, çox həssas, sosial təhlükəli vəziyyətdə olan qızlar var. Bu baxımdan biz qızların reabilitasiyasını təşkil etməliyik. Hazırda bizim təhsildən yayınan bir neçə qızımız var. Onların təhsili bərpa edirik.
Uşağa diqqət göstərmədikdə, onun başı qarışmadıqda zərərli nəsnələrə yönəlir, cəmiyyətdə çətin tərbiyə olunan uşaqlar çoxdur. Hər bir çətin tərbiyə olunan uşağın arxasında bir şiddət, zorakılıq, ailə dəyərsizliyi, uğursuz ailə modeli durur.
Mən çox imkanlı bir ailə bilirəm ki, uşağı şəkərə yoluxub. Səbəbi isə genetik deyil, ata-ana uşaq qarşısında o qədər bir-birlərinə şiddət göstəriblər ki, uşaq bunu həzm edə bilməyib, travma alıb və şəkər tutub. Bu gün bizim nə qədər şəkər, psixi durumu yerində olmayan olan uşaqlarımız var.
– Hazırda burada nə qədər uşaq var və onlar hansı yaş aralığındadırlar?
– Bizdə rəqəm tez-tez dəyişir. Hazırda sığınacaqda qeydə alınmış uşaqlar 44 nəfərdir. Onların 16-17 nəfəri sanatoriyadadır. Digərləri isə 20 nəfərlik bir yerdə yaşayır. Sanatoriyaya yerləşdirilənlər fizioterapiya keçirlər, nevroloji uşaqlar müalicədən keçirlər. Bu, böyük sıxlıqdır. Hazırkı sığınacaqda bir otaq təlim, tədris, yataq otağı kimi nəzərə alınıbsa, yeni sığınacaqda onların hamısı ayrı-ayrıdır. Bu artıq ondan xəbər verir ki, orada çox geniş imkanlar olacaq.
– Buraya qəbulda hansı istisna hallar olur?
– Biz çox istisna hallarda ana ilə uşaq qəbul edirik. Desəm ki, bu gün uşağını bizim sığınacağa qoymaq üçün növbəyə duran ailələr, valideynlər var, gülməli çıxacaq. Mən hər gün bununla bağlı mesajlar alıram, bununla bağlı qaynar xəttimizə gələn müraciətləri idarə edə bilmirəm, çünki artıq cızığından çıxıb. Biz məcburuq deyək ki, gözləyin yerimiz yoxdur.
Biz istisna hal kimi uşağın sağlam dünyaya gəlməsi və təhlükəsizliyi baxımından hamilə qadınları da qəbul edirik. Çünki əksəriyyəti uşağı tələf etmək, digər qismi isə uşağı körpələr evinə vermək fikrində olur. O qadınları uşağa xəsarət yetirməməsi üçün qəbul edirik. Uşaq doğulana qədər o anaya mərhəmət, sevgi aşılayırıq. Onu inandırırıq ki, sənə kömək edərik, ünvanlı sosial yardıma müraciət edərsən, yardımsevər insanlardan kömək istəyərik, ən azından sən ayaqda durana qədər yanında olacağıq, buna görə uşağı atma. Bununla razılaşanlar olur, amma əksəriyyəti razılaşmır.
Burada bir mentallıq var. Heç vaxt unutmaram, nişanlısından hamilə olan bir qız var idi, bunu oğlana deyəndə o da “mən buna hazır deyiləm” deyib çıxıb getmişdi.
Qız da elə bir ərazidə yaşayır ki, orada bu durumu izah edə bilməzdi. Gözümüzün önündə növbəti ölüm hadisəsi canlanırdı. Mən dəfələrlə təkid etdim ki, qızım, gəl polisə deyək, səni qorumaya alarlar. Qız isə dedi ki, mən öz ölümüm üçün qorxmuram, mənim evdə anam, bacım var, onları öldürəcəklər. O, doğuşa burada getdi və mən heç vaxt onun uşaqdan ayrılma səhnəsini heç vaxt unuda bilmirəm. Uşaqdan ayrılmaq istəmirdi, bir az da iyini hiss edim deyirdi, amma ayrılmağa məcbur idi.
Bu gün həmin hamilə qızların əksəriyyəti bəlkə də uşaqlarının yanında qalmalarını istəyirlər. Çünki onların bir parçasıdır, amma bunu edə bilmirlər.
14 yaşdan sonra istər qız, istər oğlanın cinsəl dövrü formalaşır. Biz deyirik 18 yaşa qədər bu uşaqdır, amma bədən onu demir. Deməli, belə hallarda hamiləliyin qarşısını almaq üçün addımlar atılmalıdır. Cinsi münasibətlərin reproduksiyasını bu cəmiyyətə izah edə bilmərik. Çünki bura Azərbaycandır.
Tək “Şir mama”lar formalaşır, biz atanın “Aslan ata” olduğunu necə öyrədək?
– Bəs bu sığınacaqda olan uşaqlar əsasən hansı ailələrin uşaqlarıdır?
– Bu gün uşaqlarını tək böyüdən çox ana var və sığınacaqda olan uşaqların əksəriyyəti tək anaların uşaqlarıdır. Hətta deyərdim ki, tək anaların uşaqları uşaq müəssisələrindən çıxdıqdan sonra onların da dünyaya gətirdiyi uşaqların o müəssisələrdə olması faktları yetərincədir. Niyə? Çünki ailə dəyərsizləşib. Ailə modelimizin təbliğatını gücləndirməyimiz çox vacibdir. Bu gün cəmiyyətdə təkcə “şir mama”lar formalaşır və biz atanın “aslan ata” olduğunu necə öyrədək?
– Sizcə, bunların qarşısını necə almaq olar?
– Qeyri-rəsmi nikahların qarşısını almaq üçün ailə modelini təbliğ etməliyik. Bəzən deyirlər ki, biz azadıq. İstəsəm nikaha girərəm, istəməsəm girmərəm. Amma heç kim onlara demir ki, sən nikaha girmirsən və sadəcə bir neçə müddətlik tanımadığın adamla birlikdəsən, hətta o adamdan hamiləsən. Belə olan halda qarşı tərəf hamilə olduğunu biləndə “sağ ol” deyir. Qadın da deyir onda özüm böyüdəcəm. Necə böyüdəcəksən? Sənə bu haqqı kim verir? Tam ailədə böyümək o uşağın haqqı deyilmi? Bu haqqı onun əlindən niyə dünyaya gəlmədən alırsan? İndi mənə burada qeyri-rəsmi də olsa, ailə modelini göstərin. Var elə bir model? Yoxdur. Ailə planlaşdırılmalıdır. Ailənin planlaşdırılması yoxdursa, deməli, sən bilərəkdən bu cəmiyyət üçün yararsız fərd formalaşdırırsan.
– Uşaq sığınacağa düşdükdə ilk nə edilir?
– Yaşından asılı olmayaraq öncə onu müşahidə edirik. Çünki hər yaşda uşağın fərqli problemləri olur. Məsələn, 1 yaşa qədər olan uşaq bura düşdüyü zaman fikrimiz ancaq o uşağın nə ilə qidalandığı, nəyə allergiyasının olması, hansı patoloji problemlərinin olması ilə bağlıdırsa, digərlərində peyvənd olub-olmamasına diqqət edirik.
Bilirsiniz, peyvənd necə ciddi məsələdir?!
Şəxsən mən 2 il öncə böyük travma yaşadım. Müəssisədə olan 42 uşaq ard-arda hamısı qızılcaya yoluxdu. Bizim uşaqlar üçün xəstəxananın bir korpusu bağladıldı, 2 uşaq reanimasiyada idi. Çünki mən bunu gizlətmədim, açıq şəkildə deyirdim ki, karantin olmalıdır, bu, kütləvi yoluxmadır. Onlar bu xəstəliyi məktəb və bağçalardan gətirmişdilər. Bu, infeksiyadır və qaçılmazdır, buna görə bunu bildirməlisən. Bir çox müəssisələr isə bunu gizlədirdilər.
– Bəs həmin uşağa ümumi hansı xidmətlər göstərilir?
– Bizim göstərdiyimiz xidmətlər ilk olaraq müşahidədən başlayır, daha sonra adaptasiya dövrü olur. Məsələn, hazırda bizim balaca Mələyimiz var. O buraya gəlib çıxana qədər, onun harada olmağını, kimin gətirəcəyini maraqlandıq. Uşaq kənardan gəldiyi üçün və müəssisəyə infeksiya gətirə bilər ehtimalı ilə onun geyimini hazırladıq. O uşağın durumu elə idi ki, biz onu xəstəxanaya yerləşdirsəydik, növbəti travmalar ala bilərdi. Əlbəttə, aldığı zədələrdən ağır bir daxili patologiyası olsaydı, onu mütləq xəstəxanaya yerləşdirməliydik. Onunla ilk söhbətimiz sadəcə bir görüşmə oldu. Bütün uşaqlarla belədir. Sadəcə görüşürük və adını soruşuruq. Onun ilk ehtiyacı nə ola bilər onu aydınlaşdırırıq, məsələn, ac gələ bilər, susuz ola bilər və ya təbii ehtiyacı ola bilər. Bunların hamısı ailə modelində olan kiçik bir xidmətdir. Biz bu xidmətləri göstəririk və bundan sonra işə digər əməkdaşlar qoşulur.
– İşin rəsmi tərəfi necə olur?
– Sənədləşmə aktları tərtib etmək üçün hüquqşünas cəlb olunur, uşağın nə vaxt və kim tərəfindən gətirilməsi ilə bağlı sənədlər tərtib olunur. Sosial Xidmətlər Agentliyinin alt sistemi var və uşaq o sistemə yerləşdirilir. Rəsmi qaydada bizə məktub göndərilir ki, filan səbəblərdən uşaq “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağına yerləşdirilsin. Sosial işçi uşaq üçün fərdi plan tərtib edir. Burada söhbət 0-1 yaş aralığında olan uşaqlardan getmir. Biz 1 yaşdan yuxarı uşaqların sənədi olub -olmadığını, valideynlərini araşdırırıq, bir sözlə lazimi sənədlər toplanılır, tibbi müayinə olunur.
Bayaq dediyimiz ehtiyaclar qarşılandıqdan sonra ən önəmlisi ilk baxışdır, uşağın bədəninə baxış keçirilir. Sosial sektorumuzda 1 kişi əməkdaş var, qalanı isə qadındır. Qadınların vasitəsilə sakit bir mühitdə uşağın bədəninə baxış keçirilir. Bu ağır prosesdir. Kiçik yaşlı uşaqları başa salmaq olur. Zorakılığa məruz qalmış qızların bədəninə baxış keçirmək qədər dəhşətli bir şey yoxdur. Amma Mələyin bədəninə baxış keçirdikdən sonra anladım ki, ondan da dəhşətli şeylər varmış. Çünki o uşağın bədənindəki izlər mütəmadi işgəncədən xəbər verirdi, döyülməkdən yox, işgəncədən… Həm dəri qatı, həm əzələ zədələnib və dəri qatı ilə əzələ arasında “mazollar”ı aydın görmək mümkündür.
– Burada fəaliyyət göstərən psixoloq, psixiatrlar kimlərdir?
– Bir psixoloqumuz var və o bura Heydər Əliyev Fondu tərəfindən təhkim edilib. Həmin psixoloq şəhid ailələri, qazilərlə işləyən psixoloq komandasındandır. Bizdə psixoloq hər il dəyişdirilir. Psixiatrla isə onun öz təşəbbüsü ilə fərdi işləyirik.
– Reabilitasiya bitdikdən sonra da burada qalmağa davam edən uşaqlar var?
– Elə uşaqlar var ki, onların reabilitasiyası bitib, amma hələ kollecdə və ya başqa bir yerdə təhsil alır və yaxud uşağın yaş həddi 15-16-dır. O yaşda uşaq müəssisəyə göndərilsə bu ona müsbət təsir göstərməyəcək. Buna görə də biz həmin uşaqların sığınacaqda qalmasına müəyyən şərait yaradırıq.
“O qızın əlini buraxsam, hara gedəcək?”
– Uşaq dövlət uşaq müəssisəsinə getmək istəməsə necə olur?
– Bəzən uşaq evləri haqqında miflər səsləndirilir və zorakılıq olan ailələrdə uşaqlara “özünü pis aparsan səni uşaq evinə verəcəm, səni orada döyəcəklər” kimi ifadələr ilə qorxudurlar. Uşaqlarda isə “əziyyət çəksəm də burada qalım” fikri formalaşır. Uşaq evləri ilə bağlı bu stereotipləri qıra bilmirik, buna görə sosial şəbəkələrdə aktivik və bu uşaq müəssisələrində “əzraillər”, “drakonlar” olmadığını göstərməyə çalışırıq. Bu səbəbdən biz sığınacaqda olan uşaqların reabilitasiyası bitdikdən sonra onlardan uşaq evlərinə getmək istəyib-istəmədiklərini soruşuruq. Uşaq etiraz edərsə, burada qalır, getmir.
– Hazırda burada belə situasiyada olan uşaqlar var?
– Bəli, təxmini 18 uşağımız bu durumdadır. Onlar liseydə, kollecdə oxuyurlar. Elə uşaq var ki, 4 aylığından bizimlədir və bizə alışıb. 18 yaşlı bir qızımız var, gedəsi yeri yoxdur və burada qalır. Mən onu buradan hara göndərə bilərəm? Ona aşpazlıq kursu keçilib və mən onu növbəti mərhələdə buradan peşə məktəbinə yönləndirsəm, harada qalacaq? Bakıda hansı peşə məktəbinin yataqxanası var ki? Ona verilən təqaüd ilə özünü idarə edə biləcək? Yox. Gözüm görə-görə onu hara göndərim? Hansı həyata göndərim? Əlini buraxsam, hara gedəcək?
– Uşağın ailəyə dönüşü bərpa edildikdən sonra onunla maraqlanırsınız?
– Uşaq ailəyə getdikdən sonra onunla maraqlanmaq səlahiyyətim yoxdur. Bundan sonra o uşaqla Sosial Xidmətlər Agentliyi maraqlanır. Amma mən kənardan o uşaqla bağlı maraqlanıb məlumat alıram.
– Burada olan uşaqları himayəyə götürmək olur?
– Ümumiyyətlə, nə sığınacaqların, nə də uşaq evlərinin uşaqları himayəyə, övladlığa vermək səlahiyyətləri yoxdur. Bunu ancaq Dost Agentliyi vasitəsilə Sosial Xidmətlər Agentliyi qaydalarla həyata keçirir və bu işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birbaşa nəzarət edir. Himayəyə və övladlığa gedən uşaqlara dövlət qərar verir. Himayədarlıqda və övladlığa götürməkdə çox çətin qaydalar olduğu deyilir. Amma bu belə deyil. Qanunla hər şey uyğun gəlirsə, mümkündür. Əks halda dövlət uşağı niyə versin?
“Sənədsiz uşaqların təhsilinin təşkil edilməsi böyük problemdir”
– Uşaqlarla bağlı tez-tez qarşılaşdığınız əsas problem nədir?
– Sənədsiz uşaqların təhsilinin təşkil edilməsi böyük problemdir. Bizim təhsillə bağlı ən böyük uğurumuz sənədsiz uşaqların portala yerləşdirilməsidir. Mən dəfələrlə Elm və Təhsil Nazirliyinə məktub yazmışdım, amma nəticə olmamışdı. Axırda feysbukda açıq məktub göndərdim və yazdım ki, portalı yaradanda sənədsiz uşaqları da nəzərə alıb, orada bir pəncərə açın. Çünki qanunvericilikdə sənədsiz uşaqların təhsil ala bilməməsi qeyd olunmur.
Bu gün bizim fərdi təhsillə məşğul olan uşaqlarımız da var. Bəlkə də bu təhsil tariximizdə ilk hadisədir: 18 yaşlı bir qız birinci sinfə gedir. Çünki 9 illik təhsil olmadan hər hansı peşə məktəbinə, kollecə qəbul olunmaq mümkün deyil. Həmin qız hazırda ikinci sinifdə oxuyur və ailəsinə bərpa edilib.
Bizə gələn uşaqların hamısı – sənədi olan da olmayan da təhsilə cəlb olunur.
Şəxsi fikrimə görə təhsil qızların həyatında çox önəmli rol oynayır. Çünki qızların hər hansı ağır situasiyadan qurtuluşu təhsilə bağlıdır.
– Son olaraq, bu yaxınlarda baş verən bir neçə hadisə ilə bağlı danışmaq istəyirəm. Mələyin durumu necədir?
– Bura yeni gələndə Mələyin durumu yaxşı deyildi. Biz onu qan testlərindən, yoxlamalardan keçirdik. Uşaq aldığı travmaların ağrısını yenicə hiss etməyə başlayırdı, aldığı zərbələrdən gecələr yatmırdı. O, yarım saat, 1 saat yatır və “vurma, dəymə, eləmə” deyərək bağıraraq yuxudan dəfələrlə oyanırdı. Məsələn, elə olub ki, bir gecədə 4 dəfə oyanıb. Uşaq elə bir vəziyyətdə olurdu ki, o yuxuda bağıranda onu oyada bilmirdilər, o vəziyyətdən çıxara bilmirdilər. İndi isə Mələyin durumu çox yaxşıdır, inkişaf edir, hər şey qaydasındadır. Reabilitasiyası davam edir, hazırda sanatoriyada müvafiq müalicə keçir.
Mələyin anasına üç aylıq həbs verilib. Araşdırma aparılır.
– Bəs Cəmilə xanımla bağlı nə bilirsiniz?
– O, pul qarşılığında uşağın sadəcə dayəsi olub. Mənim üçün ən ağrılı tərəfi odur ki, 2024-cü ildən uşağın işgəncələr görməsi ilə bağlı davamlı görüntülər olduğu halda, onlar susublar. Ümumiyyətlə isə uşağın rəsmi qəyyumu olmayıb. Uşağın rəsmi qəyyumu dövlətdir.
– Tovuzda anası tərəfindən tərk edilən körpənin vəziyyəti necədir?
– 1 yaş 3 aylıq körpə hazırda Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasındadır. Müalicələri davam etdirilir, vəziyyəti stabilləşib.
– Bəs 13 yaşında ana olan qızla bağlı hər hansı məlumatınız varmı?
– Həmin qızla izdivacda olan şəxsə qarşı Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokurorluq tərəfindən məsələ qaldırılıb. İşə yenidən baxılacaq. Heç bir halda o insan məsuliyyətdən kənarda qala bilməyəcək.
Araşdırmama görə, ötən il Ağcabədidə bu tip hadisələr, yəni az yaşlı qızlarla “öz xoşluğu”, yalandan evlilik ilə cinsi münasibətdə olan kişi deməyəcəyim cinslərin şərti və ya 1 il cəza çəkməsi çox aktual olub. Bu mənə həddən artıq ağır təsir edib. Əgər belə məsələlər çox ciddi qarşılanırsa və məsələyə yenidən baxılırsa, deməli, qərarı çıxaranlar səhv edib. Buna görə də yenidən qərar çıxarılsın və hamıya dərs olsun.