Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən anım tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında faciə qurbanlarının xatirəsi dərin hüznlə yad olunub.
Anım mərasimlərində icra hakimiyyətlərinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbi hissələrin şəxsi heyəti iştirak ediblər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar cənub rayonlarının idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub.
Anım tədbirlərində vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı soyqırımı törədib. Bir gecədə şəhər yandırılıb, darmadağın edilib və talanıb, dinc əhaliyə amansız divan tutulub. 613 nəfər işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.