Koreya Respublikası hökuməti xarici mənbələrdən informasiyanın KXDR-ə yayılması üçün müasir texnologiyalardan istifadə etmək səylərində özəl sektoru dəstəkləməyə hazırdır. Bunu Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho deyib.
“Mənim bildiyimə görə, ölkə daxilində və xaricdə mövcud analoq vasitələrdən başqa informasiyaya çıxışı [təmin etmək] üçün qabaqcıl texnologiyalardan istifadənin zəruriliyi ilə bağlı müzakirələr gedir”, – nazir xarici jurnalistlərlə görüşündə deyib.
Kim Yonq Ho qeyd edib ki, Koreya Respublikası hökuməti KXDR-də insan haqlarının vəziyyəti ilə bağlı ictimai təşkilatlar tərəfindən məzmun istehsalına dəstək vermək niyyətindədir. “Bura ictimai təşkilatların informasiyaya çıxış imkanlarını genişləndirmək üçün qabaqcıl texnologiyalardan istifadə etməkdə maraqlı olması da daxildir”, – deyə birləşmə nazirliyinin rəhbəri əlavə edib.
O, iddia edib ki, KXDR xalqı “kənardan məlumatlara böyük maraq göstərir”. Kim Yonq Ho həmçinin bildirib ki, tarixi keçmiş “məlumat və mədəniyyətin yayılmasını zorla məhdudlaşdırmağa çalışmağın” mənasızlığını göstərir. “Biz Şimali Koreyalıların kənar mənbələrdən məlumat əldə etmələrini təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, – deyə nazir bildirib. (Tass)