İyulun 24-də Cənubi Koreya paytaxtının ətraflarında yerləşən yaşayış binasının damında KXDR-dən atılan zibil balonları səbəbindən kiçik yanğın baş verib. Bu barədə “Çunan İlbo ” qəzeti məlumat yayıb.
Cənubi Koreya ordusunun son məlumatlarına görə, çərşənbə günü KXDR Koreya Respublikasına doğru 480-ə yaxın zibil balonunu buraxıb. Onlardan biri Qoyanq şəhərində yaşayış binasının damına düşüb. Yanğın iyulun 24-də yerli vaxtla saat 14:36 radələrində baş verib. Yanğına səbəb şarı zibil torbasına birləşdirən kəndirə bağlanmış detonator olub. Cənubi Koreyaya hava şarları ilə daxil olan tullantılar arasında tez-tez kağız tullantılarına rast gəlinir.
Hadisə yerinə 28 yanğınsöndürən və 11 ədəd xüsusi texnika cəlb olunub. Yanğın 6 kvadratmetr ərazini əhatə edib. (Tass)