Dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlandırılan beynəlxalq Forum həm müzakirəyə çıxarılan mövzular, həm də iştirakçı tərkib baxımından önəmli idi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 60-dan artıq “Beyin mərkəzi” rəhbərinin, tanınmış ekspert və analitiklərin Forumda iştirak etmələri şərait yaratdı ki, Azərbaycanı maraqlandıran mövzular üzrə zəruri mesajlar səsləndirilsin və bu mesajlar beynəlxalq ictimaiyyətə çatdırılsın. Prezident İlham Əliyevin Forumda iştirak etməsi, informativ, arqumental tutumlu məruzə söyləməsi müzakirələrə əlavə çalar qatdı. İmkan yarandı ki, müzakirələrin gedişində təkcə Azərbaycan ərazisində həyata keçirilən proqramlar deyil, həm də ümumilikdə Cənubi Qafqaz regionunda və dünyada cərəyan edən proseslər təhlil olunsun.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
“Dövlətimizin başçısının nitqindən aydın oldu ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu günə qədər imzalanmamasının səbəbkarı, ilk növbədə, Ermənistan rəhbərliyidir. Prezident İlham Əliyev bu tezisi əsaslandırmaq üçün Ermənistan baş nazirinin anlaşılmaz manevrlərindən nümunələr göstərdi. Bildirdi ki, Nikol Paşinyan bir il ərzində iki dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağı da Azərbaycan ərazisi kimi qəbul etdiyini bəyan edib. Amma bunun ardınca sentyabrın 2-də qondarma dağlıq qarabağ respublikasının yaranmasının 32-ci illiyini təbrik edib. Ermənistanın rəhbərliyi sülh danışıqları prosesində belə anlaşılmaz manevrlər etməklə iki ölkə arasında barışın əldə olunmasını ləngidir. Nikol Paşinyan və Ermənistanın siyasi mərkəzləri özlərinin işğalçılıq ideologiyalarından əl çəkməyiblər. Sadəcə Azərbaycanın gücü, qüdrəti qarşısında geri çəkilməyə məcbur ediliblər”, – deyə Müşfiq Ələsgərli bildirib.
Ekspert qeyd edib ki, dövlətimizin başçısının nitqində o da vurğulandı ki, Azərbaycanın Ermənistan üzərində qazandığı Qələbə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bütövlükdə Cənubi Qafqaz regionunda yeni situasiya yaradıb. Təəssüf ki, Cənubi Qafqazı özünün təsir dairəsində saxlamaq istəyən bəzi ölkələr yaranmış yeni situasiyanı qəbul edə bilmirlər. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da mane olurlar. Problemin davam etdirilməsi üçün təşəbbüs göstərirlər. Hansı ki, Azərbaycan həm İkinci Qarabağ müharibəsində, həm də sentyabrın 19-20-də antiterror tədbirlərinin gedişində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib, BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə əsaslanıb. BMT-də dominant rola malik olan bəzi dövlətlər isə bu reallığı qəbul edə bilmirlər. Buna baxmayaraq, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu prosesi davam etdirmək üçün Azərbaycan yetərli potensiala malikdir.