– Ümumilikdə, bu ilin sonuna nə qədər həcmdə istehsal edilən “yaşıl enerji”nin ölkənin ümumi elektrik şəbəkəsinə qoşulmasını təmin etmək mümkün olacaq?
– Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə külək elektrik stansiyasının ümumi elektrik şəbəkəsinə qoşulması planlaşdırılır. Bu layihənin tam istismara verilməsi ilə ölkəmizdə “yaşıl enerji”nin payı əhəmiyyətli dərəcədə artacaq.2026-cı ildən etibarən isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin həyata keçirdiyi günəş elektrik stansiyalarının da şəbəkəyə qoşulmasına şahid olacağıq. Bununla yanaşı, hərrac qalibi ilə Qarabağ regionunda daha bir günəş elektrik stansiyasının istismara verilməsi istiqamətində işlər davam edir.BP şirkətinin Cəbrayılda həyata keçirdiyi layihədə də əhəmiyyətli irəliləyiş var. Layihə sahəsində yarımstansiyanın tikintisi intensiv şəkildə aparılır, həmçinin yollar və digər infrastrukturla bağlı məsələlər öz həllini tapmaqdadır. Ərazidə mina təmizləmə prosesi artıq tamamilə başa çatıb, bu da tikinti işlərinin sürətləndirilməsinə şərait yaradır.Bütün bu layihələrin icrası ölkənin “yaşıl enerji” potensialını artıracaq və bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası baxımından əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.
– Ötən il Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac keçirilib. Bu hərracdan sonra bu sahədə hər hansı yeniliklər olubmu?
– Əlbəttə, hərracdan sonra layihə ilə bağlı işlər aktiv şəkildə davam edir. Hazırda qalib şirkət geotexniki və geoloji tədqiqatları həyata keçirir, sahədə hazırlıq işlərinə başlayıb. Paralel olaraq, institusional və hüquqi məsələlərin həlli üzərində də işlər aparılır. Biz tezliklə layihə üzrə müqavilələrin imzalanması mərhələsinə keçməyi və əldə olunan nəticələri ictimaiyyətə elan etməyi planlaşdırırıq.

– Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə əsasən elektrik stansiyalarının inşası iki istiqamətdə həyata keçirilir. Birinci yol hərraclar vasitəsilədir, ikinci yol isə strateji əhəmiyyətli layihələr üçün birbaşa cəlb olunma mexanizmi üzərindən baş tutur. İlk hərrac bizim üçün çox faydalı təcrübə oldu. Bu prosesdə əldə edilən məlumatlar və nəticələr üzərində hazırda geniş təhlillər aparılır və proseslər yaxından izlənilir.Hərracın çox perspektivli bir vasitə olduğunu düşünürük, lakin belə tədbirlərin keçirilməsi bir sıra amillərdən, o cümlədən elektrik şəbəkəsinin mövcud imkanlarından asılıdır. Hazırda şəbəkənin gücü və resursların uyğunluğu təhlil edilir. Gələcək hərraclarla bağlı qərar bu amillər nəzərə alınaraq qəbul ediləcək.
– 2025-ci ildə “yaşıl enerji” sahəsində görüləcək işlər hansılardır?
– Bu il üçün planlarımız olduqca genişmiqyaslıdır. Bildiyiniz kimi, ilk mərhələdə qarşıya qoyulan məsələlərin çoxunu sistemli şəkildə həll edərək icra mərhələsinə keçməyi bacarmışıq. İndi isə əsas diqqətimizi Azərbaycanın böyük bərpa olunan enerji resurslarının tam potensialının reallaşdırılmasına və xüsusilə ixrac layihələrinə yönəltmişik.Bu mərhələdə əsas hədəflərimizdən biri Avropa istiqamətində nəzərdə tutulan kabel layihəsi, Mərkəzi Asiya ilə əlaqələr və Naxçıvan üzərindən Türkiyəyə enerji ixracı ilə bağlı işləri inkişaf etdirməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, COP29 zamanı interkonnektorların yaradılması ilə bağlı təşəbbüslər irəli sürülüb. Hazırda bu layihələrin təhlilləri yekunlaşdırılır və əldə edilən nəticələr əsasında müəyyən addımların atılması planlaşdırılır.Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması sahəsində görülən uğurlu işləri Naxçıvan Muxtar Respublikasına da şamil etməyi planlaşdırırıq. Bunun üçün beynəlxalq məsləhətçi şirkət cəlb edilib və işlər intensiv şəkildə davam edir.2025-ci ildə diqqət mərkəzində olan digər mühüm istiqamətlərdən biri hidrogen enerjisi ilə bağlıdır. Ötən ilin sonunda Azərbaycanın ilk yüksək səviyyəli Hidrogen üzrə Strateji Baxış Sənədi təqdim olunub. İndi bu istiqamətdə konkret addımların atılması planlaşdırılır. Bununla yanaşı, elektromobil sektorunda milli fəaliyyət planının yekunlaşdırılması və təsdiqi üçün işlər görülür.Bərpa olunan enerji mənbələrinin digər növləri, xüsusən də bioenerji və geotermal enerji sahəsində də irəliləyişlər var. Bu sahələr üzrə təhlillər artıq tamamlanıb və aidiyyəti qurumlara təqdim olunub. Geotermal enerjidən istifadə imkanlarının daha dərindən öyrənilməsi istiqamətində işlər davam edir.Bundan başqa, 2025-ci ildə dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayrılacaq. İlkin ölçmələr artıq aparılıb, lakin daha genişmiqyaslı tədqiqatlara başlanılması və investorların bu prosesə cəlb olunması nəzərdə tutulur. Bu layihələr “yaşıl enerji” istehsalına böyük töhfə verəcək və Azərbaycanın enerji sektorunda yeni imkanlar yaradacaq.Sözsüz ki, bu sahədəki işlər kifayət qədər mürəkkəbdir və gözlənilməz çətinliklər ortaya çıxa bilər. Lakin mərhələli şəkildə bu çətinliklərin həlli üçün addımlar atılır. Planlarımız dinamikdir, yeni tələblərə uyğun olaraq mütəmadi yenilənir. Qarşımıza qoyulan məqsədlərə nail olmaq üçün bütün gücümüzlə çalışırıq.
– Cavid müəllim, bu il “yaşıl enerji” istehsalının ümumi enerji istehsalında həcmi nə qədər olması nəzərdə tutulub?
– Əminliklə deyə bilərəm ki, 2026-2027-ci illərdə Azərbaycan artıq enerji istehsalında 30 %-lik qoyuluş gücünü keçəcək. Bildiyiniz kimi, 2023-cü ildə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib və bu stansiyada 2024-cü ildə təxminən yarım milyard kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu il istifadəyə veriləcək Külək Elektrik Stansiyası isə 1 milyard kVt/saata yaxın elektrik enerjisi istehsal etməyə imkan yaradacaq. Təbii ki, ənənəvi elektrik enerjisi istehsalının da artması gözlənilir, çünki tələbat müxtəlif ssenarilər üzrə artır.

– Layihələrin uğurla irəliləməsinin əsas səbəblərindən biri müvafiq qanunvericilik bazasının düzgün formalaşdırılmasıdır ki, bu proses artıq başa çatıb. Azərbaycanda bərpa olunan enerji sahəsində imzalanan layihələr, neft-qaz müqavilələri (PSA) kimi, qanun statusuna malik deyil, Azərbaycan qanunvericiliyinə əsaslanır və həmin müqavilələr çərçivəsində icra olunur.
Bununla yanaşı, bir sıra yeni təşəbbüslərə ehtiyac duyulur. Məsələn, enerji saxlanc sistemlərinin şəbəkədə tətbiqi gündəmdədir və bu, qanunvericilikdə müəyyən dəqiqləşmələr tələb edə bilər. Eyni zamanda, yeni layihələr ortaya çıxdıqca, onların icrası üçün əlavə qanunvericilik təşəbbüslərinə ehtiyac ola bilər. Bu baxımdan hüquqşünasların işi hələ tam yekunlaşmış hesab edilə bilməz. Yəni qanunvericilik sahəsində irəliləyişlər dinamik olaraq davam edəcək.
– Bu il yeni ərazilərin “yaşıl enerji” istehsalı sahəsinə çevrilməsi ilə bağlı işlər aparılacaqmı?
– Bu işlər dayanmadan davam edən bir prosesdir. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin xüsusi şöbəsi bu istiqamətdə fəaliyyət göstərir. Bildiyiniz kimi, xüsusi bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi mövcuddur və potensial ərazilər həmin sistemə daxil edilir. Perspektivli ərazilər, onlardan istifadə imkanları daim öyrənilir və sistemdə yenilənir. Hazırda əsas diqqət artıq müəyyən edilmiş və elan olunmuş ərazilərin zəruri hazırlıq vəziyyətinə gətirilməsinə və investorlara təqdim olunmasına yönəlib ki, imzalanmış müqavilələrin icrasında heç bir gecikmə baş verməsin.
– Cavid müəllim, Qarabağ və Şərqi Zəngəzurda bu sahədə hansı yeniliklər olacaq?
– Laçın rayonu ərazisində artıq ölçmə işləri aparılır. Bu ilin sonuna qədər “bankable” adlanan məlumatlar əldə etməyi planlaşdırırıq ki, həmin məlumatlar banklara və investorlara təqdim olunsun. İlkin nəticələr göstərir ki, bölgənin böyük potensialı var.COP tədbiri çərçivəsində Kəlbəcər rayonu ərazisində də yeni layihələrə start verilməsi ilə bağlı müqavilə imzalanıb. 2025-ci ilin mart ayının sonunda və ya aprelin əvvəlində orada külək enerjisi ilə bağlı ölçmələrə başlanacaq. Bu ölçmələri investorlar həyata keçirəcək, çünki külək elektrik stansiyalarına ciddi maraq var.Ərazi artıq müəyyən edilib. Füzuli rayonu ərazisində isə yeni işlərə yaxın zamanda start veriləcək. Həmin layihə Horadiz qəsəbəsində həyata keçiriləcək. Hazırda sahə hazırlıqları ilə paralel olaraq istehsalçıların seçimi istiqamətində qərarların verilməsi üzərində iş gedir.

– Azərbaycanın cəlb olunduğu layihə Xəzər dənizi, Qara dənizi və Avropanı birləşdirən genişmiqyaslı “yaşıl enerji” istehsalı və ixracını nəzərdə tutan təşəbbüsdür. Layihənin bir hissəsi Rumıniya ilə Gürcüstan arasında uzanan “Black Sea Cable” layihəsi adlanır. Lakin Azərbaycanın üzərində çalışdığı layihə daha genişdir və “yaşıl enerji”nin Azərbaycandan Avropaya qədər ötürülməsini əhatə edir.Ötən il ərzində bu sahədə əhəmiyyətli irəliləyişlər əldə olunub. Artıq birgə müəssisənin yaradılması təmin edilib. Bu birgə müəssisəyə ilk rəhbərlik rotasiya əsasında Azərbaycana həvalə olunub və rəhbər artıq təyin edilib. Hazırda müəssisənin təsis sənədlərinin yekunlaşdırılması prosesi davam edir və yaxın günlərdə müəssisənin fəaliyyətə başlaması gözlənilir.Eyni zamanda, layihə üzrə texniki-analitik işlər sürətlə davam edir. İtaliyanın “CESI” şirkəti layihənin Texniki-İqtisadi Əsaslandırması (TİƏ) üzərində işləyir və sənədin tezliklə hazır olması gözlənilir. Bu əsaslandırmanın tamamlanması ilə tərəflərin növbəti mərhələyə keçməsi və interkonnektor layihəsi üzrə əhəmiyyətli irəliləyişlərin əldə olunması mümkündür.

– Hazırda konkret rəqəm söyləmək üçün tələsmək doğru olmaz. “CESI” şirkətinin təhlillərinin nəticələri gözlənilir, çünki bu təhlillər bazar tarazlığı modellərinə əsaslanır. Bu modellər müxtəlif ssenariləri əhatə edir. “Yaşıl enerji” dedikdə təkcə elektrik enerjisi yox, həm də hidrogen istehsalı və onun ixracı nəzərdə tutulur.Hidrogenin ixracı üçün bir neçə ssenari mövcuddur: məsələn, Azərbaycanda istehsal olunan hidrogen Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edilə bilər. Alternativ olaraq, yeni boru kəməri inşa edilə bilər və ya “yaşıl enerji” Avropaya ixrac edilib, elektrolayzerlər istehlakçıya yaxın ərazilərdə quraşdırıla bilər. Bundan əlavə, hidrogenin törəmə məhsulları istehsal edilərək Avropaya ixrac edilə bilər.
Bazarda “yaşıl enerji”yə olan tələbat Avropada sürətlə artır. “CESI” şirkəti Avropada “yaşıl enerji”yə olan tələbatı, istehsalın bölgüsünü, Xəzər dənizinin dibindən keçən kəmərin tutumunu, tutumun ölkələr arasında bölgüsünü və enerjinin axın istiqamətlərini öyrənir. Təhlillər nəticəsində bu məsələlər üzrə konkret rəqəmlər və təkliflər təqdim ediləcək. Hazırda bu səbəbdən dəqiq həcm barədə danışmaq mümkün deyil.
Bundan əlavə, COP29 çərcivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Mərkəzi Asiya ölkələrində istehsal olunan enerjinin Azərbaycana və oradan da Avropaya ixrac imkanlarını gerçəkləşdirəcək.Qeyd edək ki, həmin layihə üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu əsasında qısa müddətdə layihənin texniki-iqtisadi əsaslandırmasının texniki tapşırığı təsdiq edildi və TİƏ-nin hazırlanmasına məsul şirkət kimi “CESI” seçildi. Şirkətlə müqavilə isə layihənin həyata keçirilməsi məqsədilə yaradılacaq və Bakıda fəaliyyət göstərəcək Birgə Müəssisə arasında imzalanacaqdır.Eyni zamanda, ötən ilin dekabrın 27-də üç ölkənin enerji operatorlarının rəhbərləri onlayn formatda “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin təsis müqaviləsi imzalanmışdır.
– Bu layihəyə yeni iştirakçıların və ölkələrin qoşulması gözlənilirmi?
-Layihə bütün maraqlı tərəflər üçün açıqdır. Marağın yüksək olduğu artıq müşahidə edilir. Bir çox ölkə və şirkət bu layihədə iştirakla bağlı maraq göstərir. Lakin bu cür genişmiqyaslı layihəyə yeni tərəflərin qoşulması ciddi təhlil və iqtisadi əsaslandırma tələb edir. Bu baxımdan, “CESI” şirkətinin təqdim edəcəyi yekun təhlil və tövsiyələr əsasında qərarlar veriləcək.