Çinin Avstraliyadakı səfiri Xiao Qian deyib ki, Xalq Azadlıq Ordusunun (PLA) döyüş gəmiləri Avstraliya sahillərində təlimlər keçirərkən beynəlxalq qanunlara ciddi şəkildə əməl edir və heç bir təhlükə törətmir. O, bu barədə ABC radiostansiyasının efirində bildirib.
“Çin təhlükəsizlik tədbirləri ilə bağlı dəfələrlə və qabaqcadan xəbərdarlıq etdikdən sonra açıq dənizdə canlı atəş təlimləri keçirdi və beynəlxalq hüquqa və ümumi qəbul edilmiş beynəlxalq təcrübəyə tam uyğun olan bu manevrlər [mülki aviasiya] uçuşlarının təhlükəsizliyinə təsir göstərmədi”, – səfir deyib və “Çinin bütün hərəkətlərini vəziyyətə tamamilə uyğun” hesab etdiyini qeyd edib.
Çin diplomatik missiyasının rəhbəri həmçinin xatırladıb ki, PLA Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupunun təlimləri “Avstraliya sahillərindən uzaqda açıq dənizdə keçirilib” və onun üçün heç bir təhlükə törətməyib. “Çin və Avstraliya tərəfdaşdırlar və “tərəfdaş” ifadəsinin özü göstərir ki, ölkələr düşmən və ya rəqib deyil, dostdur. Avstraliyanın Çin donanmasının hərəkətlərindən narahat olmağa heç bir əsası yoxdur. Ümid edirik ki, Avstraliya tərəfi bu məsələyə obyektiv və rasional baxacaq, yanlış mühakimə və həddən artıq reaksiyadan çəkinəcək”, – o vurğulayıb. (Tass)