Çinin xarici işlər naziri Vanq Yi beynəlxalq ictimaiyyəti Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti diqqətdə saxlamağa çağırıb. O, bu barədə BMT Təhlükəsizlik Şurasının çoxtərəfli islahatların həyata keçirilməsi və qlobal idarəetmənin təkmilləşdirilməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdırlar, lakin dünyada təkcə Ukrayna problemi deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini tələb edən Qəzza münaqişəsi kimi bir çox başqa qaynar nöqtələr var və onları arxa plana atmaq olmaz”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytı nazirdən sitat gətirir.
Vanq Yi həmçinin vurğulayıb ki, “BMT-nin iki dövlətin – Fələstin və İsrailin yaradılması ilə bağlı qətnamə qəbul etməsindən 70 ildən çox vaxt keçib, lakin indiyədək bu qərarın yalnız yarısı həyata keçirilib”. “İsrail dövləti çoxdan yaranıb, lakin Fələstin xalqının hələ də öz ölkəsi yoxdur”, – Vanq Yi əlavə edib. (Tass)