Çin hakimiyyət orqanları Çin və Rusiyadan gələn qondarma təhlükəyə cavab olaraq özünümüdafiəni təmin etmək zərurəti bəhanəsi ilə Yaponiyanın kosmosu hərbiləşdirmək istəyinə qarşı çıxır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib.
O, brifinqdə Pekinin Tokionun Rusiya və Çinə qarşı peyk müdafiə sistemi yaratmaq planlarını necə şərh edə biləcəyini soruşan yapon jurnalistin sualını cavablandırarkən, “Çin Yaponiyanın digər ölkələrin təhlükəsini artıraraq öz hərbi gücünü artırmaq üçün bəhanə yaratmasına qətiyyətlə qarşıdır” deyib.
Quo Jiakun qeyd edib ki, son illərdə “hərbi ekspansiyasını dərinləşdirən” Yaponiyanın hərbi xərcləri durmadan artır. Çin diplomatı xatırladıb ki, Tokio bu istiqamətdə Vaşinqton və digər Qərb tərəfdaşları ilə hərbi əməkdaşlığı genişləndirir. “Bu hərəkətlər kosmosda təhlükəsizlik və sabitliyi təhdid edir və qonşu ölkələr arasında militarizmin canlanması ilə bağlı narahatlıq yaradır”, – Quo Jiakun bildirib. “Bu il Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində qələbəsinin 80-ci ildönümüdür. Biz Yaponiyanın öz tarixi məsuliyyətini dərindən dərk etməsində, tarixdən ibrət almasında və regionda gərginliyin artmasına son qoymasında israr edirik”.
Rəsmi nümayəndə əlavə edib ki, Çin həmişə kosmosdan dinc istifadə prinsipinə sadiq qalıb və silahlanma yarışına və kosmosun militarizasiyasına qarşıdır. (Tass)