
“Xüsusilə, Orta Dəhliz Azərbaycan-Çin strateji tərəfdaşlığında vacib rol oynayır. Şərqi Avropada hakim olan kritik geosiyasi mənzərə fonunda Çin mənşəli məhsulların Avropa bazarlarına təhlükəsiz və sürətli nəqli üçün alternativ və etibarlı tranzit kanal kimi Orta Dəhlizin əhəmiyyəti günbəgün artmaqdadır. İkitərəfli güclü diplomatik və kommersiya əlaqələrinin formalaşması bu çoxmodullu beynəlxalq qatar-bərə yolunun özünü iqtisadi və siyasi cəhətdən doğrultması baxımından önəmlidir”.Müsahibin sözlərinə görə, Orta Dəhlizin optimallaşdırılması və ötürücülük potensialının artırılması Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması baxımından deyil, həm də onun beynəlxalq ticarətdə strateji mövqeyinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və regional inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.“Azərbaycan Orta Dəhliz vasitəsilə Çinin Avropaya çıxışını təmin edən ən vacib ölkələrdən birinə çevrilməkdədir. Ancaq bu yol həm də marşruta daxil olan digər dövlətlər üçün də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakı Limanı kimi quru və dəniz əsaslı fiziki və rəqəmsal infrastruktur layihələri vasitəsilə regional logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirir”, – o əlavə edib.V.Quliyev bildirib ki, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində yaxın və orta perspektivdə Çindən Azərbaycana investisiya cəlbi də istisna edilmir:“Bu əməkdaşlıqlar Orta Dəhlizin inkişaf perspektivlərini genişləndirə və onun səmərəli nəqliyyat şəbəkəsinə çevrilməsinə töhfə verə bilər. Bütövlükdə, Azərbaycan-Çin strateji tərəfdaşlığı iki ölkənin milli maraqları ilə yanaşı, Avrasiya regionunda iqtisadi sabitliyin və inkişafın təmin edilməsinə töhfə vermə potensialına malikdir”.