Müsahibimiz Codelandia Tədris Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Günel Cənnətovadır. Günel Cənnətova həm də İsrailin Ben-Gurion Universitetinin məzunu, ABŞ-ın Seattle Universitetinin müəllimi olub.
-İlk olaraq sizi Beynəlxalq Təhsil Günü münasibətilə təbrik edirik.
-Təşəkkür edirəm. Mən də bütün təhsil işçilərini, təhsilin yükünü çiynində şərəflə daşıyanları təbrik edirəm. Təhsil cəmiyyətin sütunudur, onsuz hansısa inkişafdan, tərəqqidən danışmaq mümkün deyil.
-Təmsil etdiyiniz tədris mərkəzinin adı niyə Codelandiadır, yəni nə məna kəsb edir, eyni zamanda, Mərkəzin fəaliyyəti nədən ibarətdir?
-Codelandia sözünün mənası kodların yazıldığı yer, məkan deməkdir, hətta bunu ölkə kimi də qəbul etmək olar. Codelandia yüksək texnologiyalar (İT) istiqamətində 20-dən çox sahənin tədrisini həyata keçirməklə yanaşı, əmək bazarında dayanıqlı və rəqabatədavamlı mühit formalaşdırır. Kibertəhlükəsizlik, proqramlaşdırma, data analitika və data science, qrafik və veb-dizayn, eyni zamanda, ingilis dili və ofis proqramları əsas tədris sahələrimizdir. Kiçik dostlarımızı da unutmamışıq. Onlar üçün “Scratch” və “Python” proqramlaşdırma dilləri tədris olunur.Tədris mərkəzimizin mütəxəssisləri təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda da bu sahədə özünü sınamaq istəyən gənclərə, ali məktəb tələbələrinə təlimlər keçir. Onu da qeyd edim ki, sosial baxımdan həssas ailələrin övladları, xüsusilə də şəhidlərimizin övladları, yaxınları, qazilərin, müharibə iştirakçılarının balaları üçün tədris ödənişsizdir. Yaratdığımız karyera mərkəzi buranı bitirən hər bir tələbəyə peşəkar HR (insan resursları) təlimi vasitəsilə işlə təmin olmağa fürsət yaradır.
-Ölkədə sizin kimi İT sahəsini tədris edən başqa müstəqil qurumlar da var. Rəqiblərinizlə müqayisədə tələbələr, gənclər seçim edərkən niyə məhz Sizə üz tutmalıdırlar?
-Peşəkar, təcrübəli müəllim və təlimçi heyəti, bootcamp proqramları, qlobal bazara uyğun sillabuslar, praktik əsaslı dərslər bizim əsas üstünlüklərimizdəndir. Ən əsası isə mentorlarımız dərslərdə tələbələrimizə yardımçı olmaqla yanaşı, dərsdən sonra da həftənin 6 iş günü səhər saat 10:00-dan axşam saat 22:00- dək tələbələrimizin bütün suallarını cavablandırırlar. Elə Flutter və Angular freymvörkünü tədris etməyimiz daim inkişafda olduğumuzun göstəricisidir. Kursu bitirən tələbələr beynəlxalq səviyyəli sertifikatlarla təmin edilir. Biz onların karyera qurmasına da dəstək veririk. Tədris zamanı mərkəzimizin daxilində müxtəlif məzmunlu təlim və seminarlar təşkil edir, tələbələrimizin gələcəkdə daha yaxşı karyera fürsətlərini əldə etmələrini asanlaşdırırıq. Bir sözlə, ilk gündən başlayaraq iş yeri tapana qədər tələbələrimizin yanında oluruq. Biz təkcə yerli deyil, o cümlədən xarici şirkətlərlə də əməkdaşlıq edirik.
-Yerli və xarici şirkətlərin adlarını açıqlaya bilərsiniz?
-Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən biri olan “LastGuard”, İsrailin Ben-Gurion Universiteti ilə əməkdaşlıq edirik. Data Science, Cyber Security va Data Mining sahəsində əməkdaşlıq memorandumu imzaladığımız Ben-Gurion Universiteti ixtisaslı təhsil müəssisəsi kimi tədqiqat və araşdırma sahəsində böyük işlər görən dünya liderləri sırasındadır. Dünyanın böyük korporasiyası “Microsoft” ilə tərəfdaşlığımız isə müəllim və tələbələrimizə geniş sərhədlər açır. Eləcə də Böyük Britaniyanın aparıcı enerji və neft şirkəti olan BP, eyni zamanda, GitHub portifolio platforması, yerli müəssisələrdən isə Dövlət Məşğulluq Agentliyi, “Technest” təqaüd proqramı, Delta Store və Bakcell mobil operatoru ilə əməkdaşlıq edirik. Yaxın günlərdə daha 2 beynəlxalq şirkətlə fəaliyyətə başlayacağıq və bu barədə tezliklə sosial media platformalarımızda bizi izləyənlərə məlumat verəcəyik.
-Codelandiada yalnız gənclər təhsil ala bilər? Xüsusi bir yaş həddi, müəyyən olunmuş standartlar varmı?
-Dərslərimizə 10 yaşdan 40 yaşadək hər kəs qoşula bilər. Əlbəttə, xüsusi standartımız yoxdur, amma proqramlaşdırma sahəsində ilkin biliklərin olması vacibdir.
-Bir qədər də tədris prosesi barədə məlumat verərdiniz, necə təşkil olunur?
-Tədris prosesi əyani, onlayn, hibrid və bootcamp formatında reallaşdırılır. Tələbələrimizin istəklərinə və qrafiklərinə uyğun olaraq bütün formalarda dərslər təşkil olunur. Hətta tələbələr dərsdən sonra praktik bacarıqlar əldə etmək üçün mərkəzin imkanlarından da istifadə edirlər.
-Beynəlxalq təhsil sistemində özünüzü harada və necə görürsünüz?
-Dünyanın bir parçası olmaq istəyiriksə, daim öz üzərimizdə çalışmalı, trendləri izləməliyik və tətbiq etməliyik, hətta özümüz də yeniliklər gətirməliyik. Biz Azərbaycanda proqramlaşdırma sahəsinin inkişafına töhfə verməklə yanaşı, gənclərə bu yolda yardım edir və tədrisin keyfiyyətini yüksəldirik. İT və proqramlaşdırma sahəsindəki bütün trendləri izləyir və onları tədris proqramlarımızda tələbələrlə bölüşürük. Məzun olan tələbələrimizə karyera qurmalarında dəstək göstəririk. Çünki hər bir Codelandia məzununun uğuru bizim uğurumuzdur. Odur ki, bu sahədə peşəkar olmaq istəyənlər çəkinmədən bizə müraciət edə bilərlər. Ölkədə gənclərin İT və proqramlaşdırma sahəsində böyük bir potensiala sahib olduğunu və bu sahələrə tələbatın çox olduğunu, eləcə də kadr çatışmazlığı yaşandığını bilirik. Bu potensialı üzə çıxarmaq və inkişaf etdirmək üçün çalışırıq.
+994 (55) 225 87 05
Nərimanov r-nu, Nadir Əliyev küç.Azərtac.