Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun baş direktoru professor Zakir Eminov cari ildə şuranın işinə uğurlar arzu edərək iclasda müzakirə olunacaq məsələləri iştirakçıların diqqətə çatdırıb.
Elmi katib Zərnurə Həmidova Elmi şuranın tərkibində ediləcək dəyişiklik barədə məlumat verib. Dünyasını dəyişməsi ilə əlaqədar sabiq Rəfail Abdullayevin yerinə şöbə müdiri Solmaz Rzayevanın Elmi şuraya üzvlüyü təsdiq edilib.
Tədqiqatçı alim Yasin Kərimovun (Yasin Azərtürk) “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının elm sahəsində Dövlət mükafatına təqdim edilməsinə dəstək verilməsi qərara alınıb.
İclasda iştirak edən “AzərEnerji” ASC-nin əməkdaşı Rüstəm Rəcəbov bu il Azərbaycanda keçiriləcək COP 29-a dair lokal təşəbbüslərin üzə çıxarılması məqsədilə iclas iştirakçıları ilə fikir mübadiləsi aparıb, coğrafiyaçı alimlərin bu sahədəki planları ilə tanış olub.
Elmi şuranın iclasında, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Coğrafiya İnstitutunun görəcəyi işlər müzakirə edilib. Bundan başqa, institutun 2024-cü ilin iş planının ilkin müzakirəsi aparılıb, eləcə də bir sıra digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.