ETSN-də “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
APA xəbər verir ki, tədbirdə müsabiqənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə təşkil olunduğu vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva elan olunmuş qrant müsabiqəsi ilə bağlı məlumat verib.
O bildirib ki, müsabiqəyə təqdim olunacaq layihələr çox ciddi meyarlar əsasında qiymətləndiriləcək.
Onun sözlərinə görə, agentlik qarşısında öhdəliyi olan qeyri hökumət təşkilatları müsabiqədə iştirak edə bilməzlər:
“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) ilə bağlı işlər davam etdirilir. Bu işlər çərçivəsində müsabiqə elan edilib. Bu müsabiqədə iştirak etmək istəyənlər üçün tələblərlə bağlı daha ətraflı məlumatı həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi internet səhifəsində əldə etmək mümkündür. Biz inanırıq ki, ölkəmizdə bu müsabiqəyə çox ciddi maraq göstəriləcək və bu layihə COP29-a ciddi töhfə olacaq”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, elan olunan müsabiqədə iştirak etmək istəyənlər sabahdan etibarən sənədlərini təqdim edə bilər: “Orta qrant müsabiqəsində maksimal hədd 30000 AZN, böyük qrant müsabiqəsində isə 50 000 manatdır. Qeyri-hökumət təşkilatları bir yerli, bir xarici QHT təmsil olunmalıdır. Burada təmsil olunmaq istəyən xarici təşkilatlar da müvafiq layihələr təqdim etməlidir. QHT Agentliyi qarşısında tamamlanmamış öhdəliyi olan qeyri-hökumət təşkilatları müsabiqədə təmsil oluna bilməz. Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarından tələb olunan sənədlərin siyahısı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında yerləşdiriləcək”.
Sonda hər iki dövlət qurumunun rəsmiləri maraqlı tərəfləri müsabiqədə fəal iştirak etməyə çağırıb.