Hindistan Pakistana qarşı Sindoor əməliyyatı zamanı Rusiya tərəfindən verilən silahlardan uğurla istifadə edib. Bu barədə “Dainik Jagram” nəşri yüksək rütbəli hökumət mənbələrinə istinadən məlumat yayıb.
Hindistan ordusunun xidmətində olan Rusiyanın S-400 Triumf zenit-raket kompleksi Hindistanın paytaxtından 125 km aralıda yerləşən Haryana əyaləti üzərində Pakistanın Fəth-II raketlərini məhv edib. Hindistan Respublikasının Hərbi Hava Qüvvələri Pakistanın Yeni Dehliyə raket hücumu etmək cəhdlərinə cavab olaraq ilk dəfə olaraq birgə istehsal edilən BrahMos səsdən sürətli qanadlı raketlərindən döyüşlərdə istifadə edib. Raketlər Su-30MKI qırıcılarından buraxılıb və Pakistanın doqquz əsas hava bazasına, həmçinin hava hücumundan müdafiə obyektlərinə, o cümlədən İslamabaddan 10 km məsafədə yerləşən Nur Xan hərbi aerodromuna və Lahor şəhərindəki hava hücumundan müdafiə obyektlərinə dəqiq zərbələr endirib. Nəşrin mənbələri vurğulayır ki, BrahMos-dan uğurla istifadə əməliyyatın uğuruna töhfə verib və Pakistanı atəşkəslə razılaşmağa məcbur edib.
BrahMos Rusiya-Hindistan şirkəti BrahMos Aerospace tərəfindən istehsal edilən səsdən sürətli qanadlı raketdir. Rusiyanın NPO Mashinostroyenia şirkəti və Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. İlk sınaq buraxılışı 2001-ci ildə baş tutub. Raketin müxtəlif versiyaları Hindistan Silahlı Qüvvələrinin hər üç bölməsində – Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Orduda xidmətdədir. Mayın 11-də Hindistan Yeni Dehlidən 500 km cənubda yerləşən Laknauda ikinci BrahMos istehsal zavodunun açılışını edib.
Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisində Laşkar-e-Taiba tərəfindən 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümünə səbəb olan terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirdi. Mayın 10-da Hindistan və Pakistan tam atəşkəs elan ediblər. (Tass)