Maraqlı hobbisi ilə seçilən Yevlax rayonu Gülövşə kənd sakini Bəhman Qəmbərov müxtəlif rəngli, görünüşü qeyri-adi çay daşlarını seçib toplayır.
Bəhman Qənbərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində daşların da dili olduğunu, onlarla danışdığını deyib: “Daşlar mənim üçün canlıdır, insan kimidir. Onlarla danışıram. Onlara “Danışan daşlar” adlı şeir də yazmışam. Hər daş bir əşyaya, heyvana, bədən üzvlərinə oxşayır. Məsələn, bu daşa diqqətlə baxanda (daşı göstərir – red.) Kambala balığına oxşadığını görürük. Bu daş isə heyvan ürəyinə bənzəyir. Baxın, bu daşın üzərində nə qədər cizgilər, təbəqələr var. Sanki sualtı gəmidir. Bu daşın üzərindəki xətlərə diqqət edin. Nə gözəldir. Bunu kim çəkib, kim düzəldib? Əlbəttə, təbiət, tanrı. Təbiətin yaratdığı möcüzələrdir. Elə daşlar var ki, şəffafdır. Bir tərəfindən digər tərəfi görünür. Hərəsinə bir ad qoymuşam. Hamısı mənim üçün əzizdir”.
Yevlax sakininin daş kolleksiyası maraqla qarşılanır. Bir neçə dəfə daşlardan sərgi açan həmsöhbətimiz deyir ki, əgər lazımi alətləri olsa, daşları cilalayıb maraqlı əşyalar da hazırlaya bilər.
Uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışan Bəhman Qənbərov təqaüdə çıxdıqdan sonra maraqlı əl işləri də hazırlayır. Onun bəzəkli daş toplamaqla yanaşı, digər hobbisi taxta, ağac parçalarından müxtəlif suvenirlər düzəltməkdir.
Hazırda 100-yə yaxın əl işinin olduğunu deyən B.Qəmbərov ilk suvenirini düzəltməyinin maraqlı tarixçəsini də danışıb: “Həyat yoldaşımın ad gününə hədiyyə olaraq taxtadan çiçək suveniri düzəldib verdim. Düşündüm ki, həqiqi çiçək solacaq, düzəltdiyim əl işi isə əbədi qalacaq. Növbəti əl işim isə oğlumun ad günündə taxta parçasından düzəltdiyim tar oldu. Beləliklə, başladım xəyalımdan keçənləri düzəltməyə”.
Onun taxtadan düzəltdiyi tar, kaman, qaval, Qız qalası, nar, teleqüllə, xarıbülbül, buta, çay dəsti kimi əl işləri daha çox marağa səbəb olub. Qavalın üzərində muğamların adları yazılıb, Azərbaycan muğam sənətinə töhfələr vermiş şair və xanəndələrin şəkilləri yer alıb. Ən böyük istəyi isə həqiqi tar və saz düzəltməkdir.
B.Qənbərov əl işlərini satmaq üçün hazırlamadığını, onları övladları kimi çox sevdiyini deyir. Hazırda taxtadan kitab və həvəngdəstə fiqurları üzərində işləyir. Növbəti əl işini isə Murov dağına həsr edəcəyini deyir.
Söhbət zamanı Bəhman Qənbərovun şeir də yazdığını öyrəndik. İndiyə qədər minə yaxın şeir yazıb, 5 kitabı nəşr olunub. Hazırda doğulduğu Gülövşə kəndinin tarixini qələmə alır.