Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hazırda vətəndaş – 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
***
10:00
Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.
Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:
“Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək”.
***
09:24
Daşkəsən rayonunun Bayan kənd sakini meşədə itkin düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, K.Abdullayev şəhid atasıdır.