Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Ruslan Sadıqovun xatirəsinin anım mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin Şəki rayonunun Cəfərabad kəndində məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub.
Çıxış edənlər Ruslan Sadıqovun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən danışıblar. Həmçinin polis əməkdaşları şəhidin anım günündə onun ailə üzvlərini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Ruslan Sadıqov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.