Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib. Bunun nəticəsidir ki, artıq dünyada Azərbaycan rəhbərliyi sözübütöv lider kimi, ölkəmiz isə sadiq tərəfdaş, müttəfiq olaraq özünü təsdiq edib.
Bunu AZƏRTAC-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, bu həftə Azərbaycan daha bir böyük uğuru imza atıb. Əlli ildən sonra Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Azərbaycan on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Biz artıq bütün sahələrdə ölkəmizin ön sıralarda olması istiqamətində sürətlə irəlilədiyini görürük. Əlbəttə, bu, təsadüf deyil. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strategiyanın nəticəsidir.
“Azərbaycanın həm yürütdüyü siyasət, həm də yerləşdiyi coğrafiya onu bu gün önəmli bir mövqeyə gətirib. Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Bu gün Qarabağ məsələsinin həlli, bölgəyə sülh prosesinin gəlməsi, Cənubi Qafqazda Azərbaycanın söz sahibinə çevrilməsi bizə imkan yaradır ki, qlobal məsələlərdə də öz mövqeyimizi ortaya qoyaq. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə regionun enerji təhlükəsizliyinə töhfə vermir. Həmçinin Azərbaycan bu gün Avropa üçün də strateji tərəfdaş rolunda çıxış edir”, – deyə Milli Məclisin deputatı qeyd edib.