İkili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur. Təəssüf doğuran daha bir fakt da bundan ibarətdir ki, Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin fevralın 1-də keçirilən iclasında deyib.
O qeyd edib: “Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti müharibənin bitdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər”.
Azərbaycanın müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifi olduğunu vurğulayan deputat əlavə edib: “Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir. Bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir”.
Soltan Məmmədovun sözlərinə görə, yaşadığımız coğrafiyanın indiki mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır.