Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, neft sektorundan daxilolmalar isə əvvəlki illə müqayisədə 1 faiz azalıb:
“Neft sektoru büdcəyə 17 milyard 969 milyon manat töhvə verib. Təqdim olunan hesabatda azalma təbii qazın 1 m3-nin və “Azəri Light” markalı xam neftin 1 barelinin dünya bazarında qiymətlərinin müvafiq olaraq 18,1 faiz və 4,2 faiz azalması ilə əlaqədardirilib. Bununla belə, 2024-cü ildə Brent markalı neftin bir barelinin orta qiyməti 81, “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dollar olub. Bu isə dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan 10.4 faiz çoxdur. Belə olan halda neftin dünya bazar qiyməti dövlət büdcəsində nəzərdə tutulan rəqəm ilə müqayisədə çox olduğundan bu sektor üzrə fiskal gəlirlərimizin azalması səbəblərinin daha detal araşdırılması məqsədəuyğundur. Ümumi neft qiymətlərindəki azalma fiskal gəlirlərdən daha çox suveren fondun yığımlarına təsir etməlidir”.
Millət vəkili bildirib ki, 2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373,0 milyon manat proqnoza qarşı 2,7 faiz daha çox, yəni 382,9 milyon manat vəsait büdcəyə daxil olub:
“Bu o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib. Bununla yanaşı, artq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir. Belə ki, sonuncu dəfə 2016-cı ilin yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı Prezidentin rəhbərliyi həyata keçirilən islahatlar nəricəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni, son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznes dövriyyəsi də artıb. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılması məqsədəuyğun olardı. Bu mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi. Vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var”.