Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğız Respublikasına səfəri çərçivəsində paytaxt Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksini, Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbini və “İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”ni ziyarət edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, komplekslə tanışlıq müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məktəbin foyesindəki büstünün böyük ehtiramla ziyarət edilməsindən və abidəsinin önünə güllərin düzülməsindən başlayıb.
Məktəb-Gimnaziyanın rəhbərliyi Türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstü, onun adını daşıyan otaq, həyatını və fəaliyyətini əks etdirən stend, məktəbin açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı, dövlətimizin başçısının Bişkekə səfərini əks etdirən “Qırğızıstan-Azərbaycan Dostluğu” stendi və təhsil-tərbiyə kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verib.