Oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının ilk iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda imtahan proqramları və imtahan modellərinə uyğun sınaq imtahanı üçün materiallar müzakirə edilib.
İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edərək, qəbul imtahanları proqramlarının sentyabr ayında DİM-in saytında yerləşdirildiyini bildirib. Beləliklə, abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu, ədəbiyyat siyahısı və dərsliklərlə bağlı materiallarla tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı üçün materialların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından təhlil edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qrupların növbəti iclası oktyabrın 12-də keçiriləcək.