“Fikrət Əmirov” filmimə görə festivalın əsas mükafatına məni layiq bildilər. Ötən il Bursa şəhərində keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında mən “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülmüşdüm. Oradakı çıxışım zamanı münsiflər heyətinin qərarını ədalətli hesab etdiyimi dedim. İndi də bu fikirdəyəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın mükafatlandırma mərasimindən sonra deyib.
Rejissor deyib: “Bəzən insanın arzuları başqa biri tərəfibdən həyata keçirilir. Burada bu üst-üstə düşdü. Mən arzuladım, onlar da məni bu ada layiq gördülər. Məhz Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt hesab edirəm. Fərqli ölkələrdə fərqli mükafatlar ala bilərik. Lakin Türk dünyasında, öz yurdunda qiymət görmək insana çox doğma gəlir.
“Festivala təqdim edilən filmlər arasında çox yaxşı və necə deyərlər, güclü ekran əsərləri var idi. Lakin, bizim film ən güclüsü oldu”, -deyə Vaqif Mustafayev bildirib.
Filmin ərsəyə gəlməsi haqqında danışan rejissor deyib: “Fikrət Əmirov çox milli bir şəxsiyyətdir. “Oskar” mükafatı laureatı, kinorejissor Nikita Mixalkov mənim yubiley tədbirimə bir videotəbrik göndərmişdi. Onun bu mesajda dediyi “Vaqif Mustafayev milli sənətkardır” sözləri mənim üçün ən böyük tərifdir. Fikrimcə yalnız milli mənsubiyyətini dərindən dərk edən bir sənətkar beynəlxalq səviyyəyə ucala bilər. Fikrət Əmirov da milli şəxsiyyət, milli sənətkar idi. Bizim milli musiqimiz də məhz Fikrət Əmirovun sayəsində çox yüksək səviyyəyə ucaldı. O, muğamlarımızı, mahnılarımızı əsas götürərək sinfonik musiqiyə çevirdi. Bundan əlavə, mən Fikrət Əmirov haqqında bilinməyən həqiqətləri də bu film vasitəsilə insanlara çatdırmaq istədim. Əvvəllər bioqrafik filmləri eyni üslubda, yəni insanın həyatı və yaradıcılığı şəklində çəkirdilər. Lakin, bu filmdə mən çalışdım Fikrət Əmirovun həyatını, ağır taleyini, sevgisini, yüksək istedadını, müharibə illərini və həyatının digər bilinməyən hissələrini insanlara göstərim. Bu filmə baxanlar bütün bunlardan xəbərsiz olduqlarını deyirlər. Filmin təqdimat mərasimində də insanların çox təsirləndiklərini, hətta ağladıqlarını görmək olardı. Bütün bunları gördükdə mən Fikrət Əmirovu insanlara tam tanıtmaq üçün çıxdığım bu yolda məqsədimə nail ola bildiyimi, rejissor kimi öz missiyamı yerinə yetirdiyimi anladım. Necə ki, Fikrət Əmirov öz musiqisi ilə insanların hisslərinə toxunub və indi də toxunur, bu filmin də eyni səviyyədə insanları təəsüratlandırnası mənim üçün çox vacib idi”.
Fikrət Əmirovla bağlı xatirələrini bölüşən Xalq artisti dahi bəstəkarımızı ilk dəfə altı yaşı olanda gördüyünü deyib: “Valideynlərim mənim musiqiçi olmağımı istəyirdilər. O zamanlar Konservatoriyanın nəzdində Musiqi Məktəbi var idi və mən orada ritm üzrə imtahan verirdim. Qarşımda yaxasında medal olan iki nəfər oturmuşdu. Təbii ki, mən o zaman tanımasam da onlardan biri Fikrət Əmirov, digəri isə Azərbaycanın Əməkdar artisti, nağara ustası Çingiz Mehdiyev idi. Fikrət Əmirov orada mənim istedadlı olduğumu dedi. Çünki bütün ritmləri dəqiqliyi ilə təkrarlayırdım. Elə o zamandan Fikrət Əmirov yadımda qalmışdı. Mənim üçün Fikrət Əmirovun ailə üzvlərinin film ilə bağlı fikirləri çox vacib idi. Onlar ekran əsərinin əhəmiyyətini xüsusi qeyd etdilər və filmin gələcək nəsillərə ötürülməsi baxımından da vacibliyini bildirdilər. Bu sözləri eşitmək təbii ki, mənim üçün çox sevindirici idi, lakin, işin məsuliyyətini daha da artırırdı. Hazırda Türk dünyasının sənədli filmlər üzrə ən yüksək mükafatını almaq mənim üçün əməyimin ən gözəl bəhrəsidir”.