– qlobal iqlim böhranının aradan qaldırılması və təbiətin qorunması üçün dünyada istilik hərarətinin artımı həddinin 1,5 dərəcədə saxlanılması prosesində daha fəal rol oynamağa;
– ekoloji problemlərin həllinin və təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə etməyə;
– süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq edərək, müasir texnologiyaların istifadəsi zamanı müşayiət oluna biləcək risklərin nəzərə alınmasına və süni intellektin nəzarətsiz tətbiq edilməsinin ekoloji böhranları həll etmək əvəzinə daha da artmasına səbəb olmaması üçün alimlər, qanunvericilər, siyasət xadimləri, dini liderlər, beynəlxalq və ictimai təşkilatlar arasında əməkdaşlığı təşviq etməyə;
– Paris İqlim Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsinə və irəliləməsinə dəstək vermək üçün birgə çalışmağa;
– müxtəlif din və əqidə nümayəndələrinin, siyasətçilərin, akademik dairələrin, din alimlərinin, qadınların, gənclərin, yerli əhalinin və icmaların, vətəndaş cəmiyyətinin, İşgüzar dairələrin və digər maraqlı tərəflərin birgə müzakirələrə cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim dəyişikliyi ilə mübarizədə inklüziv prosesi təşviq etməyə;
– ərzaq təhlükəsizliyinin təmin olunmamasına səbəb olan, təbii su anbarlarını və hövzələrini məhv edən, torpağı deqradasiyaya məruz qoyan, iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərə mane olan silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq üçün çağırış və fəal iş aparmaqla qlobal sülh gündəliyinə töhfə verməyə;
– terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin adından sui-istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinə;
– media və informasiya texnologiyaları vasitəsi ilə zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;
– dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;
– gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq, insan qardaşlığı, habelə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mövzusunda maarifləndirilməsini və bu proseslərdə Kütləvi İnformasiya Vasitələrinin rolunu təşviq etməyə;
– təmiz, sağlam, sabit və dayanıqlı cəmiyyətlərdə insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verməyə;
– iqlim dəyişikliyi ilə mübarizədə onların xüsusi əhəmiyyətini vurğulayan təbii su anbarlarının və hövzələrinin məsuliyyətsiz və həddindən artıq istifadəsini pisləməyə;
iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində dinlərin və inancların potensiallarından daha səmərəli istifadə etməyə;
– dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etməyə çağırırlar”.
Qeyd edək ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilib. “Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçirilən Sammit Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak ediblər.