М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə solistlər – Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artist Ramil Qasımov və Emin İsmayılov çıxış ediblər.
Konsertin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimov olub.
Anım gecəsində Aqşin Əlizadənin 4 saylı Simfoniya, Qara Qarayevin “Yeddi gözəl” baletindən Adagio, Üzeyir Hacıbəylinin “Sənsiz” romans-qəzəli, Süleyman Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Asəf Zeynallının “Ölkəm” romansı, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən Noktürn, Sevil Əliyevanın “Ana”, Fərhad Bədəlbəylinin “Ave Mariya” və Fikrət Əmirovun “Azərbaycan Kapriççiosu” əsərləri səslənib.