ABŞ Dövlət Departamentində irimiqyaslı işçilərin ixtisarı iyulun 11-i cümə günündən başlaya bilər. Bu barədə Semafor portalı məlumat yayıb . Onun sözlərinə görə, “Dövlət Departamentinin əməkdaşları cümə günündən kütləvi ixtisara hazırlaşırlar”.
Dövlət Departamentinin sözçüsü Tammi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə departamentin yenidən təşkili planının icra mərhələsinə qədəm qoyduğunu təsdiqləyib. “Dövlət katibi [Marko Rubio] tərəfindən təsdiq edilən və [ABŞ] Konqresi və [xarici siyasət departamenti] əməkdaşlarının fəal müzakirəsi ilə hazırlanan plan icraya doğru gedir”, – deyə Bryus bildirib.
Rubionun aprelin sonunda elan etdiyi kimi, Donald Trampın başçılıq etdiyi hazırkı Amerika administrasiyası, ilk növbədə, bürokratik aparatın azaldılması məqsədi ilə ABŞ Dövlət Departamentinin “hərtərəfli yenidən təşkili” həyata keçirəcək. The Washington Post qəzetinin yazdığına görə , Rubionun planı, xüsusən, Dövlət Departamentinin on minlərlə əməkdaşının (təxminən 80 mindən) işdən çıxarılmasını, həmçinin bir neçə konsulluğun və xarici siyasət departamentinin bəzi proqramlarının bağlanmasını nəzərdə tutur. Xarici siyasət idarəsinin mərkəzi aparatında çalışanların təxminən 15%-nin (təxminən 3,4 min nəfər) ixtisara məruz qalacağı güman edilir. (Tass)