BƏƏ-nin paytaxtı Əbu-Dabidə fevralın 26-da Ərəb dünyası – Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək.AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək 4-cü “İnvestopia 2025” platforması çərçivəsində baş tutacaq forumda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AZPROMO, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyi və səfirliyimizin əməkdaşları təmsil edəcəklər. Ərəb Ölkələri Liqası, BƏƏ-nin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutacaq forumda, həmçinin ərəb və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatla bağlı nazirləri, ərəb təşkilatlarının rəhbərləri və digər nümayəndə heyətləri iştirak edəcəklər.Forum çərçivəsində dəyirmi masaların və B2B görüşlərin təşkil olunacağı gözlənilir.Forum Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında qəbul edilən Doha Bəyannaməsindən irəli gələrək, ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor müəssisələri və biznesmenlər arasında ciddi və səmərəli əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədi güdür.Qeyd edək ki, BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayid Al Nəhyanın himayəsi ilə təşkil olunacaq 4-cü “İnvestopia 2025” çərçivəsində, həmçinin dəyirmi masaların, digər beynəlxalq biznes forumlarının, dialoq sessiyalarının keçirilməsi planlaşdırılır. Təşkil olunacaq 51 dialoq sessiyasında BƏƏ-də və digər ölkələrdə investisiya mühiti barədə danışılacaq, iqtisadiyyatın yeni sahələrində, xüsusilə maliyyə texnologiyaları, süni zəka, dövriyyə iqtisadiyyatı, səhiyyə sektorlarında müasir investisiya istiqamətləri müzakirə ediləcək, region ölkələrinin, eləcə də Afrikanın yeni yaranan bazarlarında perspektiv imkanları dayanıqlı iqtisadiyyatı dəstəkləyəcək iqtisadi və investisiya layihələrinə çevirmək yollarına diqqət yetiriləcək.Eyni zamanda, “İnvestopia 2025” iqlim texnologiyaları sahəsində maliyyə boşluqlarını aradan qaldırmaq üçün yeni həllər hazırlamaq, dövriyyə iqtisadiyyatına keçidə yönələn irəliləyişləri və inkişaf etməkdə olan bazarlara sərmayə qoymanın əhəmiyyətini müzakirə edəcək 15 dəyirmi masa toplantısına da ev sahibliyi edəcək.Bundan başqa, bu kontekstdə “Ərəb-Çin Biznes Sammiti” və “Gələcəyin 100 Şirkəti” adlı sahibkarlıq forumu da təşkil olunacaq.Tədbirlərdə natiqlər arasında hökumət başçıları, nazirlər, investorlar, iş adamları, qərarvericilər və iqtisadiyyat üzrə ekspertlər var. Ümumiyyətlə 20-dən çox dövlətdən 2 mindən çox nümayəndənin iştirakı gözlənilir.