Kişi dünyada mövcud olan iki cinsdən biridir, yəni yeriyə, danışa, düşünə, yeyə bilən şüurlu varlıqdır, eynilə qadın kimi.
Bəlkə bir az da dərinə gedək?!
Xalqımın gözəl bir deyimi var: “Əyninə hər şalvar geyinən kişi deyil”. Maraqlıdır, bəs kimdir kişi? Qadından fərqli cinsiyyət orqanına malik olan birisidir? Yox, bu, çox primitiv oldu. Aha, tapdım. Kişi görkəmi zəhmli, bədəni meşə kimi tüklü, qalın səs tonuna malik şəxsdir. Yox, yenə çox düşüncəsiz oldu.
Kişi, kişi, kişi… Kimdir axı, bu varlıq? Özümü bu rolda çətin təsəvvür edirəm, amma bu barədə düşünməyə dəyər. Əgər kişi olsaydım, bəlkə də yaxşı ata, qardaş, ər olardım. Bu, daha yaxşı səslənir!
Deyirlər, “ata olmaq asandır, atalıq etmək çətin”. Məncə, uşağın dünyaya gəlməsində rolu olan hər kişiyə ata demək olmaz. Əgər ata olsaydım, qızımın ilk sevgisi olardım. Elə ata olardım ki, qızım hələ kiçik olandan özünün ideal həyat yoldaşını xəyal edəndə “Allahım, bircə xasiyyəti atam kimi olmasın” deməsin. “Halva, halva deməklə ağız şirin olmaz” deyimi var, yəni sözünlə əməlin bir olmalıdır. Halvanı çalıb ağızı şirin etməlisən.
Ata olsaydım, qızımın anasından sevgimi, qayğımı, diqqətimi əsirgəməzdim. Tək xüsusi yox, adi günlərdə belə ona hədiyyə alardım. Axı qadınlar diqqəti sevir. Bir çiçək qopar gətir, ver yoldaşına, günəş o an qadının gözlərindən parlayacaq. Onunla aramda xoş söz simicliyinə yol verməzdim. Münaqişələrdə danışan tərəf yox, dinləyən tərəf olardım. Problemi həll etmək üçün təkliflər irəli sürərdim, xanımımın hər xəyalını dəstəkləyib, “belə şey mümkün deyil, absurddur” deyib həvəsdən salmazdım. Beləliklə, yoldaşımın könlünü xoş tutardım.
Qızımın da beyninə “əsl həyat yoldaşı necə olmalıdır” nümunəsi hopardı. Əgər ata olsaydım, qızım bir səhv edəndə ilk mənə danışardı. “Atam bilsə, mənə əsəbiləşəcək, danlayacaq” yerinə “atama desəm, məni anlayacaq, mənə dəstək olacaq” deyərdi, çünki qızımla dost olardım. Mentalitetin ata və qız münasibəti ilə bağlı əsrlərdən bəri hörülmüş divarlarını sökərdim, çünki o divarlar ata ilə qızın arasına “qız uşağı ata yanında özünü ağır aparar, qız uşağı ata yanında filan şey deməz, filan şey etməz, sevgi münasibəti haqqında ataya danışmaq ayıbdır” kimi düşüncəni qoruyur.
Qəribə düşüncə tərzidir. Nəyə görə ata qızının yanında olmamalıdır? Nəyə görə çəkinməlidir? Nəyə görə bəzi ailələrdə qız atasını qucaqlamaqdan, sevgisini göstərməkdən yan ötməlidir? “Ata zəhmli olar” yanaşmasından yaranan bu divar övladla valideyn arasında bir sərhəd yaradır axı. Hələ uşaq olanda qız məktəbdə bəyəndiyi oğlanı atasından gizlədir, çünki divarın bu tayında salınan “bağında” “atam bilsə, əsəbiləşəcək” “ağacı” budaqlanır. Böyüdükcə isə məsələlər çoxalır, həmin o “ağac” da qol-qanad açaraq qızın daxilində vahiməli bir varlığa çevrilir.
Qız bir problemi olanda gecələr yorğanını üzünə çəkib səssiz ağlayır ki, “heç kim eşitməsin, atam bilməsin, bilsə soruşacaq, desəm, əsəbiləşəcək”. Əgər ata olsaydım, onun ağlamağına imkan verməzdim, ona sirdaş, güvəndiyi dağ olardım.
Qardaş da ola bilərdim. “Qarın qardaşdan irəlidir” məsəlini ciddiyə almıram. Qardaş sənin canından bir parçadır, uşaqlığındır, bərabər böyüdüyün, televiziya pultuna görə dava etdiyin, səndən çox diqqət göstəriləndə qısqandığın həmin oğlandır. Mən qardaş olsaydım, bacımla dost olardım, onu heç kimin incitməsinə icazə verməzdim.
Bacım şəxsi problemlərini, sevgi məsələlərini mənimlə rahat bölüşə bilərdi, çünki bilərdi ki, “qardaşım mənim söykəndiyim dağdır”. Kimsə bacımı sevsə, mən bunu normal qarşılayıb oğlanı tanımağa çalışardım, bacımın onunla ünsiyyətinə şərait yaradardım, o, daha bəzi “qardaş”ların bacıları kimi sevgilisi ilə gizli-gizli görüşməzdi. Həmin “qardaş”lara görə bacıları sevgi münasibətini hər zaman stress içərisində və gizli yaşayır.
Bacısını işləməyə belə qoymayan “qardaş”lardan olmazdım. Onların inkişafdan geri qalan beyninin “hər şeyin ən yaxşısını mən bilirəm” kimi bir məhsulu var. Onlar bacısının xoşbəxtliyi barədə düşünməyə əziyyət belə çəkmirlər, axı “hər şeyin yaxşısını bilirlər”. Bu, acı reallıqdır, Azərbaycan reallığı.
Əgər ər olsaydım, ən yaxşısından olardım. Qadının qanuni və məhrəm olan həyat yoldaşı, sirdaşı, dostu, dayağı olardım. Həyat yoldaşımı hər zaman dinləməyə, anlamağa çalışardım. Qadınlar üçün onları dinləmək çox önəmlidir. Qadın anlaşıldığını görəndə sakitləşir, hüzur tapır. Belə qadın cənnəti yoldaşına bu dünyada yaşadır. Onu hər zaman sevindirməyə çalışardım, kiçik bir hədiyyə belə qadını xoşbəxt edərdi.
Heç kimin onu alçaltmasına icazə verməzdim, ona deyilən hər sözü özümə deyilmiş hesab edərdim. O, küsəndə könlünü ilk mən alardım, qadın daş qürurlu mələkdir sanki, ürəyi getsə belə, ilk addım atmaqda çətinlik çəkər. Xanımım öz ayaqları üzərində durmaq istəsə, dəstək olardım, yox, əgər işləmək istəməsə, mən onun maddi ehtiyacını təmin edərdim. Ər olsaydım, özgə qadında gözüm olmazdı, ən dəyərli xəzinəm xanımım olardı, heç vaxt kimisə gözəllikdə üstün tutub onu alçaltmazdım.
Deyirlər, bütün “kişilər” xəyanət edir. Məncə, xəyanət edənlər kişi deyil sanki. Heyvan üçün də cütləşdiyi dişinin fərqi olmadığı kimi xəyanət edən “kişi”yə də fərq eləməz. Mən nəyinki xəyanət edərdim, heç bir xanıma pis niyyətlə baxmazdım da. Kişi odur ki, layiqli bir qadını sevib, bir ömür boyu ona sadiq qalır. O, anasının üzüağ, mərd oğludur, xanımının, bacısının, qızının ən yaxın dostudur, onların qorxduğu insan yox, güvəndiyi dağdır.
Əgər kişi olsaydım, ata olardım, qardaş olardım, ər olardım.
Aysun Qurbanzadə